30.04.2026, 18:25
AZ EN
30.04.2026, 16:25 208

Ermənistan rus sərhədçilərindən imtina edir

XƏBƏRLƏR
  • Ermənistan hökuməti Rusiya qoşunlarını İran və Türkiyə ilə sərhədlərdən çıxarmağa hazırlaşır.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi brifinqdə bildirib. O, bəyan edib ki, dövlətin iqtisadi və təhlükəsizlik imkanları artdıqca, Ermənistan sərhədçiləri mərhələli şəkildə İran və Türkiyə ilə sərhədlərdə yerləşdiriləcək. Ba. nazirin sözlərinə görə, 1990-cı illərin əvvəllərində imzalanmış sazişə əsasən, Ermənistan Sərhəd Qoşunlarının imkanlarının inkişafına paralel olaraq dövlət sərhədinə nəzarət tədricən onların idarəçiliyinə keçməlidir.

Nikol Paşinyan qeyd edib ki, Rusiya sərhədçiləri Ermənistana pullu xidmət göstərir. Onun sözlərinə görə, hazırda Ermənistan dövləti sərhədlərin mühafizəsini təşkil etdiyi üçün Rusiyaya ödəniş edir: "Rusiya tərəfinin cari vəsaitlərin bu xidmətin göstərilməsi üçün kifayət etməməsi səbəbindən ödənişlərin artırılması məsələsini qaldırdığı hallar olub".

Baş nazir əlavə edib ki, Ermənistan hakimiyyəti ödənişlərin artırılması ilə bağlı xərclənə biləcək vəsaitlərin yerli sərhədçilərin imkanlarının inkişafına yönəldilməsinin məqsədəuyğunluğunu nəzərdən keçirir. Nikol Paşinyan əlavə edib ki, resurslar artdıqca sərhədin daha çox hissəsi yerli qüvvələrin nəzarətinə keçə bilər. O, hesab edir ki, Rusiya sərhədçiləri Ermənistan üçün məqbul olan məbləğ daxilində işlərini davam etdirə bilərlər, nəzarətin qalan hissəsini isə İrəvan mərhələli şəkildə öz üzərinə götürəcək.

Xatırladaq ki, 2026-cı ilin fevralında Ermənistan sərhədçiləri Türkiyə ilə sərhəddəki "Axurik" buraxılış məntəqəsində Rusiya sərhədçilərini əvəz ediblər. Bundan əvvəl isə Rusiya sərhədçiləri Türkiyə ilə sərhəddəki "Marqara" və İranla sərhəddəki "Aqarak" buraxılış məntəqələrindən çıxıblar.

Elxan SALAHOV

Oxşar xəbərlər