Nəcəfovlar ailəsi də digər laçınlılar kim 31 il yurd həsrəti ilə yaşayıb. Köçkün həyatı yaşadıqları dönəmlərdə bir neçə rayonda məskunlaşmalı olublar. Bu həsrət artıq bitib. Onlar yenidən doğma yurdlarına qayıdıblar. Ailə başçısı İsgəndər Nəcəfov deyir ki, Laçına qayıdanda sanki yenidən dünyaya gəldiyini və yeni bir həyata başladığını hiss edir.
“1992-ci il mayın 18-də Laçından məcburi köçkün düşdük. Lakin hər zaman doğma yurda yenidən qayıdacağımıza inanırdıq. Vətənin hər bir qarışı bizim üçün əzizdir, amma insanın doğulub boya-başa çatdığı yer daha şirindir. 31 il həsrətlə yaşadığımız o nisgilli dönəmlər şükürlər olsun ki, artıq bitib. Biz 2023-cü ilin mayın 28-də Laçına qayıtdıq. Bura gəldiyim andan sanki yeni bir həyata başaldığımı hiss etdim. Çünki Laçını daha gözəl, daha abad gördüm. Biz ailə olaraq iki mərtəbəli, 6 otaqlı evlə təmin olunmuşuq və burada hər bir şərait yaradılıb. Hətta həyətimizdə meyvə ağaclarına qədər var. Bütün kommunal ödənişlərdən azadıq, hətta burada bizə çörəkpuluna qədər dövlət tərəfindən ödəniş olunur. Şəhərin də hər bir yeri abadlaşdırılıb. Uşaqlar üçün əyləncə meydançası, istirahət parkı, Laçın bulvarı gözəlliyi ilə göz oxşayır. Biz Laçında məskunlaşdıqdan sonra, həmçinin işlə təmin olunmuşuq. Ailəmizindən dörd nəfər öz sahəsi üzrə çalışır",-deyə həmsöhbətim bildirib.
31 il əvvəl övladları ilə məcburi şəkildə Laçını tərk etməli olduğunu deyən Mirvari nənə indi övladları və nəvələri ilə birlikdə qayıdıb doğma məkana. Deyir ki, kədər göz yaşları ilə çıxdıqları Laçına sevinc göz yaşları ilə qayıdıblar: “Laçın əvvəllər də gözəl idi, Lakin erməni işğalı zamanı biz doğma elimizdən, obamızdan ayrı düşdük. Ötəm müddət ərzində erməni vandalları bu bənzərsiz yerləri viran qoymuşdu. İndi Laçın dövlətimizin səyi, diqqəti, qayğısı ilə öz əvvəlki şöhrətinə qayıdır, bura günü-gündən abadlaşır, gözəlləşir. Bura çatanda Laçının əsl laçın çağlarını gördüm. Gözəl evlər, abadlaşan yollar və Laçınımızın göz oxşayan təbiəti bizləri yenidən valeh etdi. İndi bizlər üçün həyat yenidən davam edir. Hazırda övladlarımla birlikdə yaşayıram və hiss edirəm ki, Laçın hər ötən gün gözəlləşir və daha gözəl günlər bizləri gözləyir”.
Qeyd edək ki, hazırda Laçına 315 ailə olmaqla 1204 sakin köçürülüb. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Bu ay isə daha 75 ailənin Laçın şəhərinə köçürülməsi planlaşdırılır. (AZƏRTAC)