44 günlük Vətən müharibəsindən sonra azadlığa qovuşan qəsəbə indi yeni həyatını yaşayır. Sentyabrın 14-də Prezident İlham Əliyevin Hadruta səfəri bu doğma yurdun taleyində yeni səhifə açıb. Hadrut qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi, Füzuli–Hadrut avtomobil yolu inşa edilib, elektrik xətləri bərpa olunub, 8 su anbarı təmir edilib, yeni su, kanalizasiya və qaz xətləri çəkilib. 10 ailə olmaqla 41 nəfər doğma yurduna dönüb. Hadrutda məskunlaşan ailələrdən biri də Mustafayevlərdir. Ailə başçısı Zahid Mustafayev doğma yurda qayıdışın sevincini həm də öz ailəsi ilə birlikdə yaşadığını bildirir.
“Doğma yurda dönməyin hisslərini ifadə etməyə sözlər yetməz, bunun adı həm sevinc, həm qürur, həm də xoşbəxtlikdir. Üstəlik, ölkə rəhbərinin bizim evdə qonaq olması ailəmiz üçün daha böyük fəxarət oldu. Qələbə sevincini yaşamaq, Ali Baş Komandanı öz ocağımızda qarşılamaq əvəzsiz duyğudur”,- deyə o qeyd edib. Hadrutda artıq firavan həyat qurulub. Abadlıq işləri, bərpa olunmuş evlər, müasir infrastruktur. Zahid Mustafayev deyir ki, bütün şərait yüksək keyfiyyətlə qurulub. "Bu günləri bizə bəxş edən şəhidlərə Allahdan rəhmət, qazilərə isə şəfa diləyirəm.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qüdrətli Ordumuzun gücü ilə biz qalib xalqa çevrildik və doğma elimizə qovuşduq”,- deyə Zahid bildirib.
Onun həyat yoldaşı Flora Mustafayeva da duyğularını gizlətmir. O, Hadrutu ilk dəfə görsə də, buranın gözəlliyinə valeh olduğunu deyir: “Həyat yoldaşım hər zaman bu yerlərin səfasından danışırdı. Mən görməsəm də, xəyallarımda Hadrutu canlandırırdım. Amma buraya gəldikdə təsəvvürümdən də gözəl bir mənzərə ilə qarşılaşdım. Burada yaşamağımız üçün hər cür şərait yaradılıb. Üstəlik, belə bir gündə Prezidentin bizim evimizdə qonaq olması sevincimizə sevinc qatdı”,- deyə o əlavə edib.
Qeyd edək ki, Hadrut qəsəbəsində ümumilikdə 541 ev var ki, onlardan da 462-si yararsız, 79-u isə qismən yararlıdır. Bu evlərdən 10-u artıq istismara hazırdır. Qismən yararlı evlərin hamısının ilin sonunadək bərpa ediləcəyi nəzərdə tutulub. (AZƏRTAC)