06.04.2026, 18:32
AZ EN
06.04.2026, 14:30 247

Tuğ kəndi ilə bağlı xüsusi Bərpa Konsepsiyası hazırlanıb

QARABAĞ
  • Qarabağın ən qədim tarixə malik kəndlərindən olan Tuğ həm də mədəni abidələri ilə zəngindir. Orada Ki-Tış qalası, Qafqaz Albaniyası dövrü abidələri və kəndin özündə 50-dən çox tarixi əhəmiyyətli memarlıq abidələri var. Kənddə Qarabağ bölgəsinin ənənəvi memarlıq üslubuna xas dekorativ elementlərlə işlənmiş yaşayış evləri, bulaqüstü tikililər, sənduqə tipli qəbirlər və məbədlər çoxluq təşkil edir.

V-VIII əsrlərə aid mənbələrdə adı çəkilən həmin yaşayış məntəqəsinin tarixi çox qədimlərə gedib çıxır. “Tuğ” sözünün bir neçə mənası var: bu adı “zirvə” və “bayraq” kimi də mənalandırırlar. Tarixi bilgilərə görə tuğ başında at və ya çöl öküzü quyruğu bağlanan nizədir. Başqa bir bir bilgiyə görə isə Tuğ qıpçaq kökənli soyun adıdır.

Tuğ kəndi İşxan çayının ətraf yamaclarında yerləşir. Sıx yarpaqlı meşələr və meyvə bağları ilə örtülmüş dağlar, dərələr, dumanda itən məxmər çəmənliklər, qayalıq dağ zirvələri, gümüşü axarları və buzlu bulaqlar bu dərəyə xüsusi cazibə verir. Tuğ kəndi eyni zamanda zəngin təbii potensiala və ekoloji resurslara malikdir. Zəfər yolunun üzərində yerləşməsi kəndin turizm baxımından inkişaf perspektivini də artırır.

Prezident İlham Əliyev 2023-cü il iyunun 16-da “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, kəndin tarixi ərazisi “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu elan edilib. Həmçinin dövlət başçısının tapşırığı ilə Tuğ kəndində yenidənqurma işlərinin yüksək səviyyədə həyata keçirilməsi məqsədilə xüsusi Bərpa Konsepsiyası hazırlanıb.

Xatırladaq ki, Tuğ kəndi 1991-ci il oktyabrın 31-dən 2020-ci il noyabrın 9-dək Ermənistan silahlı qüvvələrinin işğalı altında olub. İşğal dövrü bu kəndin tarixi mədəniyyət abidələri ermənilər tərəfindən formaları dəyişdirilərək erməniləşdirilib. Tuğ kəndinin azad olunması strateji əhəmiyyət kəsb etməklə yanaşı, həm də bölgənin zəngin mədəni irsinin bərpası baxımından mühüm mərhələ hesab olunur.

Azadlığına qovuşan Qarabağ  və Şərqi Zəngəzur torpaqlarında sürətli təmir-bərpa işləri aparılır. Təxminən bir ay əvvəl kənddə qeyri-yaşayış binalarının, o cümlədən məktəb, uşaq bağçası və qazanxana binasının yenidən qurulmasına başlanılıb. Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin bununla bağlı keçirdiyi tenderin nəticələrinə uyğun olaraq kənddə kommunikasiya, yaşıllıq və abadlıq işlərinə start verilib. Hazırda həmin bərpa və yenidənqurma işlərini "Nakhish" Mənzil-Tikinti Kooperativi həyata keçirir.

Tuğ kəndinin vacib turizm məntəqəsi olduğunu nəzərə alınaraq, burada avtomobil dayanacağı da yaradılacaq. Bərpa Konsepsiyasına kənddəki bütün tarixi binaların konservasiyası, turizmin müxtəlif sahələri üzrə xidmət müəssisələrinin, o cümlədən sanatoriya, hotel və mədəniyyət mərkəzinin qurulması da daxildir. Kənddə yaşayacaq əhali üçün isə ilkin mərhədə 30 fərdi yaşayış evinin tikintisi nəzərdə tutulub.

Röya SALMANQIZI

Oxşar xəbərlər