05.08.2025, 00:59
AZ EN
03.09.2022, 16:40 457

İstiqlal Muzeyinin Şuşa ilə bağlı layihəsi davam edir

QARABAĞ
  • "Şuşa İli" ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən "Şuşa - Qarabağın dünəni, bu günü, sabahı" adlı layihə davam edir. Layihə çərçivəsində təqdimatlardan biri Üzeyir Hacıbəylinin Şuşada yerləşən ev-muzeyinə həsr olunub.

Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyi 1959-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Milli Tarix Muzeyinin, Mədəniyyət Nazirliyinin və Musiqi Fondunun dəstəyi ilə fəaliyyətə başlayıb.

1978-ci ildə Üzeyir Hacıbəylinin ev-muzeyi təmir edilib və həyətində isə bulaq kompleksi istifadəyə verilib. İlk vaxtlar muzey 4 otaqdan ibarət olub. Sonradan bəstəkarın 100 illik yubileyi ilə əlaqədar 1985-ci ildə muzey genişləndirilib, bir hissəsi ikimərtəbəli, digər hissəsi isə birmərtəbəli olaraq memorial evə çevrilib. Muzeydə Üzeyir bəyə məxsus qiymətli eksponatlar, qohum və ailə üzvlərinin fotoşəkilləri, bəstəkarın ilk yaradıcılığına aid zəngin əşyalar, ilk əsərlərinin əlyazmaları, onun sovet dövrünə aid olan və coşqun fəaliyyətini əhatə edən müxtəlif eksponatlar sərgilənirdi.

1985-ci ildə Üzeyir Hacıbəylinin 100 illik yubileyi UNESCO tərəfindən geniş qeyd olunub, dünyanın bir çox ölkəsindən gəlmiş qonaqlar Ü. Hacıbəylinin Şuşadakı ev-muzeyini ziyarət edib, burada böyük yubiley tədbirləri keçirilib.

1992-ci ilin mayında Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra muzey fəaliyyətini dayandırdı. İşğal öncəsi muzeyin eksponatlarının – bəstəkara məxsus əşyaların düşmən əlinə keçməsinə yol verilmədi. Bu eksponatlar hazırda Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyində saxlanılır.

2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildikdən sonra 2021-ci ildə Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpası ilə bağlı layihə təsdiq edilib. Hazırda orada təmir-bərpa işləri aparılır. (AZƏRTAC)

Oxşar xəbərlər