Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova AzTV-yə açıqlamasında bildirib ki, həqiqətən də, orda çox gözəl ekspozisiya qurulub: “Biz çalışdıq ki, vaxtilə Şuşada nümayiş olunan xalçalar da ora qayıtsın, tikmə nümunələri də ora qayıtsın. Eyni zamanda bu dövr ərzində bizim Şuşa filialımıza yeni eksponatlar daxil olunub və o eksponatları da, o xalçaları da biz indi orda sərgiləyirik. 2017-ci ildə Loss-Angeles şəhərində hərraca Cəbrayılda toxunmuş “Baxcada güllər” xalça çıxarılmışdı. Antik erməni xalçası kimi satılırdı və o xalça bizim hərmyerlimiz Elşad Tahirov tərəfindən alınıb və Azərbaycana qaytarılıb. Bizim muzeyimizə bu xalçanı hədiyyə edib və bu xalça hal-hazırda Qarabağdadır, bizim muzeyimizdədir. Digər maraqlı eksponat isə 2021-ci ildə “Çələbi” adlı bu eksponat XVIII əsrə aid çox qiymətli bir xalçadır. Mədəniyyət Nazirliyi tərəfindən İtaliya kolleksiyasından alındı və bizim məhz Şuşa filialımıza hədiyyə olundu”.
Qeyd edək ki, Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialının ekspozisiyasında ümumilikdə 113 ədəd qovlu və qovsuz xalça məmulatları, arxieoloji materiallar, milli tikmə və geyim dəstləri, zərgərlik və bədii metal nümunələri yenidən nümayiş olunur. Həm şəxsi kolleksiyalardan, həm də hərraclardan əldə olunan çox nadir və qədim xalçalarımız Azərbaycan Milli Xalça Muzeyinin ekspozisiyasını bəzəyir.
“Bu işdə bizə ilk növbədə böyük dəstək Heydər Əliyev Fondu edir və hal-hazırda da çox unikal üçlük var. Bu 3 xalça bizim kolleksiyamızdır. Çox unikal bir nümunələri əks etdirir. Bu, XVII-XVIII əsrlərə aid olunan Qarabağın əjdahalı xalçalarıdır. Biz çox xoşbəxtik ki, bu xalçalar indi bizdədir. Onlar hamısı şəxsi kolleksiyalardan, xarici ölkələrdən alınıb və bizim muzeyimizə hədiyyə olunub”.
Muzeydə nümayiş olunan daha bir yerli eksponat XVIII əsrə aid Qarabağ tikməsidir. Bu eksponat muzeyin 55 illiyi yubileyi münasibətilə hədiyyə olunub:
“Çox nadir bir əsərdir, yüksək səviyyədə icra olunub, vaxtilə və bu günə qədər çox yaxşı vəziyyətdə qorunub saxlanılıb. Biz onu Londondan, şəxsi kolleksiyadan almışıq. Bu işdə bizə “Paşa Holding” dəstək göstərdi. Yəni, bu əsəri onlar bizim üçün satın aldılar və bizim yubileyimizə hədiyyə etdilər”, - deyə direktor bildirib.
Hazırladı: Tahirə AĞAMİRZƏ