Milli Məclisin deputatı Ceyhun Məmmədovun sözlərinə görə, humanitar yardım hər hansı siyasi mövqedən daha çox, insani dəyərlərin ifadəsidir: "Çətin vəziyyətlə üzləşən insanların yanında olmaq, onların ehtiyaclarına dəstək vermək həm beynəlxalq humanitar prinsiplərin, həm də milli-mənəvi dəyərlərimizin tələblərindən irəli gəlir.
Azərbaycanın bu addımı bir daha göstərir ki, ölkəmiz regionda yalnız siyasi və iqtisadi baxımdan deyil, eyni zamanda humanitar sahədə də məsuliyyətli və etibarlı tərəfdaşdır. Bu cür təşəbbüslər dövlətimizin sülhə, sabitliyə və insan həyatının qorunmasına verdiyi önəmin bariz nümunəsidir. Bu yanaşma Azərbaycanın beynəlxalq humanitar missiyalara verdiyi töhfələrin davamlı xarakter daşıdığını da bir daha təsdiqləyir.
Eyni zamanda bu yardım iki xalq arasında mövcud olan tarixi, mədəni və insani bağların daha da möhkəmlənməsinə xidmət edir. Çətin günlərdə göstərilən dəstək xalqlar arasında qarşılıqlı etimadı artırır və gələcək əməkdaşlıq üçün sağlam zəmin yaradır".
Deputat əlavə edib ki, humanitar yardımların əsas mahiyyəti məhz belə məqamlarda özünü göstərir - insan həyatının, sağlamlığının və rifahının qorunması hər zaman prioritet olmalıdır. Azərbaycan bu prinsiplərə sadiq qalaraq, regionda humanitar həmrəyliyin güclənməsinə töhfə verməyə davam edir.
Tahirə AĞAMİRZƏ