09.03.2026, 11:55
AZ EN
05.01.2026, 16:56 155

Azərbaycan 2026-cı ilə mühüm strateji nailiyyətlərlə daxil olur

YAZILAR
  • Dünyada cərəyan edən mürəkkəb siyasi və iqtisadi proseslər fonunda Azərbaycan 2026-cı ilə geosiyasi baxımdan möhkəmlənmiş, daxili sabitliyi təmin etmiş və regional liderliyini daha da gücləndirmiş şəkildə qədəm qoyur. Bu strateji nailiyyətlərin əsasında 2025-ci ildə atılmış əsaslı addımlar və Prezident İlham Əliyevin zamanında verdiyi uzaqgörən qərarlar dayanır.

Milli Məclisin deputatı Ceyhun Məmmədovun fikrincə, 2025-ci il Azərbaycanın xarici siyasətində və postmünaqişə dövrünün tənzimlənməsində həlledici mərhələ olub. Deputat qeyd edir ki, əgər bu gün müsbət nəticələrdən danışırıqsa, bu, ilk növbədə hələ 2020-ci ildə Azərbaycanın beynəlxalq hüququn passivliyini nəzərə alaraq münaqişənin öz gücü hesabına həllinə qərar verməsi ilə bağlıdır.

“Bilirsiniz ki, ATƏT-in Minsk qrupu var idi, BMT-nin qətnamələri var idi. Amma proseslərin gedişatı göstərirdi ki, beynəlxalq hüquq getdikcə təsir gücünü itirəcək. Belə bir vəziyyətdə hansısa beynəlxalq təşkilatdan gözlənti sadəlövhlük olardı,” - deyə deputat vurğulayır.

Məhz bu şəraitdə Azərbaycan müharibəyə başlayaraq torpaqlarını azad etdi və münaqişəni iki dövlət arasında olan məsələyə çevirərək beynəlxalq vasitəçilərin təsirini minimuma endirdi.

2025-ci ilin siyasi baxımdan mühüm hadisələri sırasında 8 avqust görüşü, sülh müqaviləsinin paraflanması və ATƏT-in Minsk qrupunun ləğvi xüsusi əhəmiyyət kəsb edir. İki ölkənin birbaşa danışıqlar yolu ilə razılığa gəlməsi regional münasibətlərdə yeni səhifə açdı.

2026-cı ilə Azərbaycan həm də Ermənistanla real əlaqələrin qurulması şəraitində daxil olub. Artıq Ermənistana Azərbaycandan neft-qaz ixrac olunur, ticarət məhdudiyyətləri aradan qaldırılıb. Tərəflər arasında qeyri-hökumət təşkilatları və rəsmi şəxslərin qarşılıqlı səfərləri baş tutur. Ceyhun Məmmədov bildirir ki, bu, əlaqələrin inkişafı və qarşılıqlı inam mühitinin formalaşması baxımından çox vacibdir.

Gözləntilər ondan ibarətdir ki, 2026-cı ildə Azərbaycan-Ermənistan münasibətləri iqtisadi sahədə daha da genişlənəcək. Bu, həm regionun iqtisadi inteqrasiyası, həm də sabitlik və sülhün dayanıqlı şəkildə qurulması üçün mühüm zəmin formalaşdırır.

Bununla belə, proseslərin uğurla irəliləməsi Ermənistan daxilində keçiriləcək parlament seçkilərindən də asılı olacaq. Azərbaycan tərəfinin əsas tələblərindən biri - Ermənistan konstitusiyasında yer alan Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması məsələsi hələ də aktualdır. Bu dəyişikliklər sülh müqaviləsinin imzalanması üçün əsas şərt sayılır.

Digər vacib məsələ isə Zəngəzur dəhlizinin açılmasıdır. Bu layihə təkcə Azərbaycan-Ermənistan münasibətlərini deyil, ümumilikdə regionun nəqliyyat və iqtisadi xəritəsini dəyişdirəcək gücdədir. Ceyhun Məmmədovun fikrincə, bu dəhlizin reallaşması regionun uzunmüddətli sabitliyi və inteqrasiyası üçün həlledici rol oynayacaq.

Beləliklə, Azərbaycan 2026-cı ilə sülh quruculuğu, iqtisadi əməkdaşlıq və strateji hədəflərin həyata keçirilməsi baxımından tam hazır vəziyyətdə daxil olur. Ölkənin gələcək mövqeyi həm regionda, həm də beynəlxalq müstəvidə daha da güclənəcək.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər