"Vətən səsi" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib. Onun fikrincə, gələn il həm Ermənistan, həm də Azərbaycan üçün taleyüklü məsələlərin həll olunduğu təqvim kimi tarixə düşə bilər: "Əgər hazırkı Baş nazir Nikol Paşinyanın komandası gələn il keçiriləcək parlament seçkilərində qələbə qazanarsa, İrəvan mövcud konstitusiyanın dəyişdirilməsinə və ya yenisinin qəbul edilməsinə nail olacaq. Bu isə Azərbaycanla sülh müqaviləsinin imzalanmasını şərtləndirən çox mühüm amil olacaq. Paşinyan qalib gəlsə, Zəngəzur dəhlizinin tikintisinə də başlanacaq və bu proses xeyli dərəcədə sürətlənəcək. Artıq amerikalılarla Paşinyan bu məsələ ilə bağlı görüşüb, müzakirələr aparıb. Bununla bağlı Ermənistana maliyyə də ayrılıb. Faktiki olaraq, iki əsas istiqamətdə həll variantı görünməkdədir. Paşinyan ona görə gələn ilki seçkilərdə mütləq qələbə qazanmalıdır. Müxalifət isə ona qarşı birləşə bilmir. Rusiyanın təlimatı ilə iş adamı Samvel Karapetyan ortaya atılsa da, Paşinyan onu həbsə atmaqla əsas rəqibini neytrallaşdıra bilib".
Politoloq hesab edir ki, Ermənistandakı siyasi proseslərin fərqli məcrada inkişafı da mümkündür. Onun fikrincə, hakim komanda prosesin gedişində fərqli qərarlar qəbul edə bilər: "Məsələn, elə bir vəziyyət yarana bilər ki, Ermənistan hakimiyyəti iyun ayını gözləmədən seçkilərin vaxtını irəli çəkər. Bu, həm Paşinyan komandasının qələbəsini asanlaşdırar, həm də Azərbaycanla sülh müqaviləsinin imzalanmasını sürətləndirə bilər. Belə bir qərar Paşinyanın özü və komandası üçün çox faydalıdır".
Elxan Şahinoğlu onu da bildirib ki, Ermənistandakı hakim komandanın növbəti seçkilərdə qələbəsi qonşu ölkələrlə münasibətlərdə və bütövlükdə regional məsələlərdə ciddi dəyişikliklərə səbəb olacaq. Onun sözlərinə görə, bu, hər şeydən dövr Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasını, diplomatik əlaqələrin qurulmasını şərtləndirən vacib amildir: "Paşinyanın qələbəsindən sonra Azərbaycan və Türkiyə ilə münasibətlər normallaşacaq, yollar açılacaq, ticarət başlayacaq. Bu isə onun həm öz ölkəsində, həm də beynəlxalq aləmdə nüfuzunu artıracaq, mövqeləri güclənəcək. Bunu Baş nazir özü də anlayır. O. bilir ki, indiki halda konstitusiyanı dəyişmək komandası üçün ağır fəalkətə yol aça bilər. Çünki erməni cəmiyyəti konstitusiyanın dəyişdirilməsinə hazır deyil, xüsusilə Paşinyanın rəqibləri bu məsələdə onun əleyhinə kampaniya aparır. Amma Paşinyan seçkilərdə qalib gələrsə, bundan sonra Ermənistanın yeni konstitusiyası ilə bağlı da sürətli qərarların verilməsi daha asan olacaq".
Elxan SALAHOV