27.06.2025, 19:36
AZ EN
16.05.2025, 17:49 127

Bakı Paşinyanın vədlərinə inanmır

YAZILAR
  • "Ermənistanın Baş naziri Nikol Paşinyan aylardır Azərbaycana yalvarır ki, qısa müddətdə sülh sazişi imzalansın. Amma faktiki olaraq onun atdığı addımlar bəyanatları ilə daban-dabana ziddir və bu, sülh sazişinin imzalanması üçün nəinki yaranmış fürsəti qaçırması, hətta mövcud imkanların məhdudlaşdırılması deməkdir".

"Vətən səsi" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Ermənistan Baş nazirinin ölkə konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının olmadığını əsas gətirməsi və bunu Ermənistan Konstitusiya Məhkəməsinin qərarı ilə əsaslandırmağa çalışmasını şərh edərkən bildirib. Onun sözlərinə görə, Paşinyanın söylədikləri hüquqi cəhətdən əsaslı arqument sayıla bilməz? "Bakının tələbi odur ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalar aradan qaldırılmalıdır. Paşinyan isə indi Ermənistan Konstitusiya Məhkəməsinin qərarına istinad etməyə çalışır ki, konstitusiyadakı həmin müddəa nəzərə alınmayacaq. Lakin onun bu vədlərinə inanmaq olmaz, çünki Paşinyan bu gün hakimiyyətdədir, sabah olmaya bilər. Ondan sonra hakimiyyətə gələn şəxs Konstitusiya Məhkəməsinin qərarını tanımaya bilər. Onlar deyə bilər ki, bizim üçün əsas olan Ermənistan konstitusiyasıdır, orada isə ərazi iddiasına dair bənd var. İndiki halda kimsə Paşinyanın Ermənistanda əbədi Baş nazir olacağına inanırsa, onda, onun vədini bəlkə də nəzərə almaq olar. Amma faktiki olaraq onun reytinqi aşağı düşür. Gələn ilin mayında Ermənistanda parlament seçkiləri keçiriləcək. Heç kim də zəmanət verə bilməz ki, o, gələn il hakimiyyətdə qalacaq və Azərbaycan qarşısındakı vədlərini yerinə yetirəcək. Ona görə də Paşinyan doğrudan da sülh sazişini imzalamaqda maraqlıdırsa, Ermənistan konstitusiyasında Azərbaycana ərazi iddiası barədə bəndi çıxarmalıdır. Əks halda onun səmimiyyətinə inanmaq olmaz".

Politoloq hesab edir ki, əgər Ermənistan lideri dediklərində səmimidirsə, onda parlamentdə səsvermə yolu ilə konstitusiyadakı məlum bəndi çıxara və ya dəyişə bilər. Onun sözlərinə görə, rəsmi Bakı sadəcə olaraq Azərbaycana qarşı ərazi iddiasını ehtiva edən bəndin konstitusiyadan çıxarılmasını istəyir. Bunun üçün isə daha 10 ay gözləməyə ehtiyac yoxdur: "Paşinyan erməni cəmiyyətinə izah etməlidir ki, Azərbaycanla sülh sazişi imzalamaq və bundan sonra normal münasibətləri bərpa edib sülh və əməkdaşlıq şəraitində regional layihələrə qoşulmaq olar. O, indi bunu etməlidir, bir müddət sonra gücü çatmayacaq. Çünki onun reytinqi tədricən aşağı düşür və müəyyən müddətdən sonra ona heç ermənilər də inanmayacaq".

Elxan SALAHOV

Oxşar xəbərlər