07.08.2025, 15:19
AZ EN
07.08.2025, 12:08 217

Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələ

YAZILAR
  • Donald Trampın prezident seçilməsindən sonra Azərbaycan-Amerika Birləşmiş Ştatları münasibətlərində müsbət dinamika müşahidə olunur. C.Bayden administrasiyası dövründə gərginləşən ikitərəfli əlaqələr hazırda qarşılıqlı etimad və siyasi dialoq əsasında yenidən canlanır. Məhz Trampın rəsmi dəvəti ilə Vaşinqtonda keçiriləcək görüş tərəflər arasında əməkdaşlığın yeni mərhələyə keçidi baxımından mühüm əhəmiyyət daşıyır.

“C.Bayden dövründə buraxılan səhvlər Tramp administrasiyası tərəfindən ciddi şəkildə aradan qaldırılıb. Bu Azərbaycana ünvanlanmış məktublarda və eyni zamanda Amerika Birləşmiş Ştatlarının dövlət başçısının müraciətlərində də özünü qabarıq şəkildə biruzə verməkdədir”.

Bu sözləri mətbuata açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

O, bildirib ki, Xankəndidə keçirilən Forumla bağlı Donald Trampın paylaşımı da əslində Amerika Birləşmiş Ştatlarıı prezidentinin ölkəmizə və onun liderinə nə qədər böyük önəm verdiyini nümayiş etdirir: “Təbii ki, indiki şəraitdə Azərbaycan Prezidentinin Amerika Birləşmiş Ştatlarına səfəri birinci növbədə iki ölkə arasındakı münasibətlərin inkişafında yeni bir mərhələnin başlanğıcı olacaq və buna qətiyyən şübhə etmirəm”.

Vaşinqtonda baş tutacaq görüşün gündəmində əsas mövzulardan biri də Azərbaycanla Ermənistan arasında sülh prosesinin irəlilədilməsidir. İkinci Qarabağ müharibəsindən sonra bölgədə formalaşan yeni geosiyasi reallıqlar beynəlxalq aləmdə də qəbul olunur. Rəsmi Bakı qalib tərəf olaraq regionda sabitliyi ilə də əməkdaşlıqda maraqlıdır. Bu kontekstdə Amerika Birləşmiş Ştatlarının göstərdiyi dəstək Cənubi Qafqazda dayanıqlı sülhün və sabitliyin təmin olunmasına verilən töhfə kimi dəyərləndirilir.

Politoloq daha sonra qeyd edib ki, şübhəsiz, Vaşinqtonda keçiriləcək görüş Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşması prosesində növbəti mərhələ ola bilər: “Yəni bu prosesin birmənalı şəkildə sülh sazişinin imzalanmasıyla başa çatacağını söyləmək qənatimə görə tezdir. Amma nəticə etibarilə iki ölkə arasında razılaşdırılmış mətn var və həmin mətnin paraflanması istiqamətində də həm Azərbaycan Prezidenti, həm də Ermənistanın baş naziri öz mövqeyini bildirib. Bununla bağlı da addımların atılması ehtimalı var. İki ölkə arasında sülh prosesinin davam etdirilməsi və ya başa çatdırılması ilə də bağlı müvafiq hər hansı bir sənədin və ya bəyanatın imzalanması da gözlənilir”.

Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri Azərbaycanın qlobal siyasi proseslərdə prinsipial mövqe nümayiş etdirən diplomatik xəttinin davamıdır. Bu səfər həmçinin ölkəmizin beynəlxalq münasibətlər sistemində nüfuzunun və etibarlı tərəfdaş kimi qəbul olduğunun növbəti təsdiqidir. Vaşinqtonda aparılacaq müzakirələrin nəticələri yalnız ikitərəfli münasibətlərə deyil, bütövlükdə regionda sabitlik və əməkdaşlıq perspektivlərinə təsir göstərə bilər.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər