Bunu fikirləri yerli mətbuata açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı deyib.
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın ölkəmizə rəsmi səfərinin Azərbaycan-İran münasibətlərində yeni dinamizmin yaranmasına xidmət edəcəyini söyləyən deputat bildirib ki, ölkə başçılarının iştirakı ilə aparılan müzakirələr, qəbul olunan qərarlar, imzalanan mühüm sənədlər, o cümlədən prezidentlərin Birgə Bəyanatı əməkdaşlığın dərinləşməsinə impuls verəcək. Son vaxtlar müxtəlif sahələr üzrə yüksək vəzifəli şəxslərin qarşılıqlı səfərlərinin, müxtəlif məsələlər üzrə aparılan fəal müzakirələrin intensiv xarakter aldığını söyləyən Mircəlil Qasımlı Azərbaycan-İran münasibətlərinin gündəliyinin geniş olduğunu, səfərin iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, enerji, nəqliyyat və humanitar sahələrdə birgə layihələrin təşviqi baxımından əhəmiyyətli perspektivlər vəd etdiyini bildirib.
Deputat söyləyib ki, “ölkələrimiz müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təsisatlarda uğurlu əməkdaşlıq edir, bir-birini dəstəkləyirlər: "Eyni zamanda, səfər çərçivəsində üçtərəfli formatda əməkdaşlıq məsələləri də diqqətdə saxlanılıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin mətbuata bəyanatında qeyd etdiyi kimi, üçtərəfli əməkdaşlıq layihələri, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi müzakirə edilib. Bu layihə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək”.
Prezidentlərin iştirakı ilə keçirilən Azərbaycan-İran biznes-forumunun iki ölkənin biznes dairələri arasında əlaqələrin qurulmasında və inkişafında mühüm rol oynayacağını deyən deputat bildirib ki, bu gün Azərbaycanda mövcud olan investisiya mühiti iranlı iş adamları üçün də kifayət qədər əlverişlidir. “Sərmayə qoyuluşu, birgə müəssisələrin yaradılması və digər bu kimi fəaliyyətlər ölkələr arasında ticarət dövriyyəsinin yüksəlməsinə təkan verəcək”, - deyə Mircəlil Qasımlı vurğulayıb.
Günel QULİYEVA