Hərbi ekspert Elxan Şıxəliyev “ARB 24” kanalına açıqlamasında bu kimi suallara aydınlıq gətirərək bildirib ki, Müdafiə Nazirliyinin rəhbərliyinin son toplantısı da əslində, cənab Prezidentin mayın 28-də Laçındakı yeni yol xəritəsinin üzərinə, xüsusən də Qarabağ İqtisadi Rayonunun gələcəyi üzərinə derektivinə əsas alaraq növbəti mərhələdə silahlı qüvvələrimizin fəaliyyətinin nədən ibarət olması olması yönündə bir sıra göstərişlər verib: “ Cəmiyyətimizin nə qədər gözləntiləri anti-terror əməliyyatlarının keçirilməsi olsa da, mənim şəxsi fikrim ondan ibarətdir ki, indiki mərhələdə, əslində, ermənilər bu məsələni bir az tələsdirmək istəyirlər. Xüsusən də siyasi dialoqların fonunda Moskva görüşündən sonra Kişinyov görüşü öncəsi və Kişinyov görüşü sonra bu mərhələni bir az, xüsusən də təmas xəttində Qarabağdakı separatçı rejimin bizim birinci eşalon birlik və birləşmələrimizlə təmasda olan bölmələri atəşkəsi pozmaqla, silah-sursat daşımaları ilə, mina basdırmalarla, yeni mövqelərin yaradılması ilə silahlı qüvvələrimizi təhrik edəcəklər. Qarabağdakı separatçı ermənilərin, xüsusən də separatçı rejimin, qeyri-qanuni birləşmələrinə rəhbərlərinə verdiyi göstəriş isə ondan ibarətdir ki, Azərbaycan Silahlı Qüvvələri bir az öncə anti-terror əməliyyatının görüntülərinin başlanğıcını həyata keçirsin ki, bunlar bu siyasi dialoqlarda bundan Azərbaycanın sanki ermənilərin təhlükəsizliyini təmin edə bilməməsi üzərinə bir görüntü yaratsın. Əsas olan isə Ermənistan baş nazirinin dilindən səsləndirilən və separatçı rejimin məqsədi ondan ibarətdir ki, bölgəyə, xüsusilə də Qarabağa, faktaraşdırıcı missiya, onun ardınca beyənlxalq sülhməramlıların yeridilməsini həyata keçirmiş olsunlar.Sanki Azərbaycan gələcəkdə Qarabağda separatçı rejiminə beynəlxalq aktorların nəzarətində və ya iştirakı ilə bir danışıqlar aparsın. Buna nail olmaları üçün ermənilər Ermənistanda, separatçı rejimin rəhbərliyi ilə Qarabağda əvvəldə dediyimiz atəşkəsin konfliktə çevriləcək situasiyanı yaratmağa cəhd edirlər. Atəşkəsin pozulması ilə, kiçik çaplı lokal taktiki səviyyədə hər hansı bir atəşkəsin pozulması, böyük çaplı döyüşlərə və əməliyyata çevrilsə, dərhal həm separatçı rejim, həm də tabeçiliyində olanlar deyəcəklər ki, Azərbaycan etnik təmizləməyə daha da meyillidir”.
Hərbi ekspert daha sonra əlavə edib ki, Prezidentin son çıxışından sonra ermənilər və separatçılar arasında qorxu yaranıb: ”Müşahidələr onu göstərir ki, ən azından separatçı qüvvələrin gözləntiləri var idi ki, beynəlxalq faktorlar separatçı rejimin yanaşmalarına hər hansı bir formada tərəf olarlar, gördülər ki, bu da mümkün deyil, Ermənistan da artıq bu məsələni beynəlxalq danışıqlar predmetinə çevirmir, indi nə qalır? Yuxarıda bəhs etdiyimiz stiuasiyanı yaratmaqla, atəşkəsin pozulması ilə böyük çaplı bir əməliyyatın Azərbaycan tərəfindən başladılmasına təhrik etmək və nəticədə bunu siyasi dialoqlarda əsas məsələyə çevirməkdir. Düşünürəm ki, zamana bir az ehtiyacımız var. Zamana ehtiyacımız var, o deməkdir ki, ehtiyatlı olmalıyıq, heç bir əsgərimizin yaralanmaması üçün təmas vəziyyətindəki bu təhlükələrin qarşısının alınması üçün lokal praktik səviyyədə cavabların verilməsinin arxasınca bu terror əməliyatının zamanını elə planlamalıyıq ki, əslində ermənilərin niyyətinə xidmət etməsin”,- deyə hərbi ekspert fikrini yekunlaşdırıb.
Hazırladı: Tahirə AĞAMİRZƏ