Bunu açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.
Deputat deyib ki, İran tərəfinin son günlər səsləndirdiyi bəyanatlar və bu mövzu ətrafında yaranmış vəziyyət ciddi narahatlıq doğurur. Xüsusilə İran İslam Respublikasının İnqilab Keşikçiləri Korpusunun nümayəndəsinin və bəzi rəsmi şəxslərinin Azərbaycanla bağlı ultimatum xarakterli açıqlamalar verməsi beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də dövlətlər arasında mehriban qonşuluq münasibətlərinə açıq şəkildə ziddir və qəbuledilməzdir: “Azərbaycan heç vaxt regionda gərginliyin tərəfdarı olmayıb. Ölkəmiz dəfələrlə açıq şəkildə bəyan edib ki, onun ərazisi heç bir halda üçüncü dövlətlər tərəfindən qonşu ölkələrə, o cümlədən İran İslam Respublikasına qarşı istifadə edilə bilməz və edilməyəcək. Bu məsələ Azərbaycan dövlətinin prinsipial mövqeyidir və dəfələrlə ən yüksək səviyyədə ifadə olunub. Buna baxmayaraq, müxtəlif bəhanələrlə Azərbaycanın hədələnməsi və ittiham edilməsi konstruktiv yanaşma deyil. Əksinə, son hadisələr fonunda diqqət çəkən məqamlardan biri də İran tərəfinin Naxçıvan ərazisində mülki infrastruktura yaxın ərazilərə endirilmiş zərbələridir. Xüsusilə məktəb binasının yaxınlığında baş verən bu hadisə ciddi narahatlıq doğurur və bununla bağlı İran tərəfi Azərbaycan xalqından üzr istəməli, hadisə hərtərəfli araşdırılmalı və məsul şəxslər cəzalandırılmalıdır”.
Tahir Mirkişili qeyd edib ki, eyni zamanda Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri, ölkəmizdə terror və təxribat fəaliyyətlərinin təşkilinə yönəlmiş addımlar da qəbuledilməzdir: “Son günlər Azərbaycan təhlükəsizlik qüvvələri tərəfindən belə növbəti bir qrupun zərərsizləşdirilməsi bu təhlükənin real olduğunu bir daha göstərir”.
Deputat diqqət çəkən başqa bir məqamın bu bəyanatın İranın Ermənistandakı səfirliyinin rəsmi saytında da yayımlanması olduğunu söyləyib: “Bu fakt göstərir ki, məsələ sadəcə texniki və ya təsadüfi informasiya yayımı deyil, daha geniş siyasi kontekstdə təqdim olunmağa çalışılır. Bu isə regionda onsuz da həssas olan təhlükəsizlik mühitinə əlavə gərginlik gətirə bilər. Azərbaycan Respublikası İranla dostluq və mehriban qonşuluq münasibətlərinin qorunmasının tərəfdarıdır və bu xəttə sadiq qalır. Lakin eyni zamanda bir məsələ də qəti və aydındır: ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı hər hansı təhdid və ya təhlükə yaranacağı təqdirdə Azərbaycan beynəlxalq hüquqa əsaslanan özünümüdafiə hüququndan istifadə etməkdə qətiyyətlidir. Regionda sabitlik və təhlükəsizlik yalnız qarşılıqlı hörmət, beynəlxalq hüquqa riayət və dövlətlərin suverenliyinə hörmət prinsipi əsasında mümkündür. Azərbaycan məhz bu yanaşmanı müdafiə edir”. (APA)