17.06.2025, 07:46
AZ EN
16.05.2025, 16:39

Muğamın Qarabağa qayıtması

Şərif AĞAYAR

Ağdam Muğam Mərkəzinin açılışı üçün

  • Təxminən on il əvvəl, isti yay günlərinin birində İsmayıllı rayonuna toya getmişdik. Toy həyətdəki ağacların altında qurulmuş çadırda keçirilirdi. Sonuncu belə toyu Qarabağda görmüşdüm. Bu azmış kimi musiqiçilər də alətlərini sazlayanda tarçalan, çox yox, cəmi iki-üç not “Segah” ifa etdi. Mənimlə üzbəüz əyləşən, özü də Qarabağ bölgəsindən olan keçmiş polis işçisinə dedim:

“Bu Qarabağ “Segah”ı bizi ağladacaq, ürəyimiz istəyən kimi istirahət edə bilməyəcəyik”.

Adam heyrətləndi. Dedi, sən iki-üç ahəngdən “Segah”ın Qarabağa aid olduğunu haradan çıxartdın?

Dedim, sualınıza cavab verə bilmərəm, amma dediyim sözün arxasındayam: o tar Qarabağ ləfzi ilə danışdı, başqa yerdə belə mizrab və barmaq görməmişəm.

Mübahisəmiz çox çəkmədi, az sonra toyun müğənnisi mikrofonu götürüb qonaqları salamladı, ardınca da musiqiçiləri bir-bir təqdim etdi. Tarçalana gələndə dedi: “Ağdamlı qardaşımız filankəs ...”

Həmsöhbətimin heyrəti bir az da artdı və ardınca kinayə ilə gülümsədi:

“Yəqin tanıyırmışsan!”

And içdim. İnanmadı.

Amma mən tarçalanı doğrudan da tanımırdım. Heç görməmiş, eşitməmişdim. Lakin Qarabağ “Segah”ını elə dəqiq tanıyırdım ki, başqa heç nəyə ehtiyac yox idi. Həm də o doğma torpaqlardan bir az uzaqlarda bu tanışlıq, məhrəmlik daha da güclənmişdi.

Və mən də keçmiş polis həmsöhbətimə heyran qalmışdım – qarabağlı olasan, bu ifanı tanımayasan...

Buna bənzər başqa bir söhbətin də iştirakçısı olmuşam. Ağdaşlı müğənni Ramiz Hacıyev haqqında danışılanda, yaxşı ifaçı olduğunu diqqətə çatdırmaq üçün deyirdilər ki, guya əslən Füzuli rayonundan olan Xalq yazıçısı İlyas Əfəndiyev onu dinləyəndə, Qarabağ müğənnisi zənn edib.

Bu söhbətə də mən inanmadım. Çünki İlyas müəllim keçmiş polis deyildi, bir sənət adamı idi, ona görə belə yanlışa yol verməzdi. Axı Qarabağ xanəndələri səslərindən əlavə həm də zəngulələri ilə seçilirlər. Onlar başqa bölgələrin ifaçıları kimi çənələrində oxumurlar, zənguləni boğazda, hətta bəzən sinədə vururlar.

Mən musiqiçi deyiləm, lakin ordan-burdan oxuduqlarım, eşitdiklərim, bir az da fəhmim hesabına bu həqiqətləri anlamışam.

Çox sonralar dediklərimin elmi-nəzəri sübutunu da görmüşəm. Türkiyəli musiqişünas Əmrə Yücələn özünü  “Səs analizi” adlı yutub proqramında xalq artisti Qədir Rüstəmovdan danışarkən mənim öz-özümə öyrəndiklərimdən geniş şəkildə bəhs etdi. Hətta çənədə heç vaxt manipulyasiya edilməyən bu ilahi səsin diafraqma zəngulələrindən danışdı. Biz bu termini bədii  dillə “bütün bədəni ilə oxumaq” adlandırırıq.

Qarabağdan olan ifaçılar təkcə muğam yox, başqa janrlarda oxuyanda da eyni fərqliliyi müşahidə etmək olur. Əlbəttə, bu bacarıq və üstünlük elə muğamdan  gəlir. Çünki ənənə budur. Ənənə bəzən özündən asılı olmadan səni yetişdirə bilir. Yəni, birbaşa yox, dolayısı ilə təsir edir.

Qazaxda-Kəlbəcərdə saz, Şəkidə lətifə, Bakıda qəzəl-meyxana ənənəsi də bu qəbildəndir. Xatirimdədir, 90-cı illərdə “Vahid” poeziya məclisində gedəndə hamımız qəzəl yazmaq istəyirdik. Əruzun ritmlərini asanlıqla tutduğumuz halda yazdığımız beytlər Bakılı gənclərin yazdığına bənzəmirdi. Onların hər birində ənənənin gücünü hiss edirdik. Lənkəran bölgəsinin gənc yazarları da əruz ladına köklənə bilirdi.

Onlar da aşıq şeirini, tutaq ki, Qazax, Tovuz, Kəlbəcər kimi yaza bilmirdilər.

Bir dəfə əslən Naxçıvandan olan mərhum şair Cavanşir Eloğlu aşıq şeiri haqqında çıxış edərkən dedi ki, Laçın şairlərində cinas çox gözəl alınır, çünki bu coğrafiyada Sarı Aşıq kimi sənətkar yetişib. O vaxt bu sözlər mənə o qədər də ciddi gəlmədi. Necə yəni iki yüz-üç yüz il əvvəl yaşamış şair bu cür incə nüansla günümüzə təsir edir?

Zaman keçdikcə Cavanşir Eloğlunun haqlı olduğunu anladım.

Ənənə təkcə beynin və düşüncənin müxtəlif coğrafiyalara xas xüsusiyyətlərə alışması deyil, həm də genetikanın tərbiyələnməsidir. Mən istedaddan danışmıram. Söhbət istedaddan çox, onun ifadə tərzindən gedir. Sənətdə müxtəlif yolların, qolların, məktəblərin formalaşmasının səbəbi də budur. Böyük sənətlə çox zaman lokal xarakter daşıyan bu xüsusiyyətlərin qloballaşmış dəyərlərlə qovuşmasından yaranır. Misal üçün Üzeyir Hacıbəyov milli musiqimizi simfonik dünya musiqisi ilə bir müstəviyə gətirdi. Çingiz Aytmatov türk folklorundan gələn ayrı-ayrı əhvalatları dünya nəsrinin mövzusuna çevirdi. Qabriel Markes nənəsindən eşitdiyi sehrli nağıllardan bütün bəşəriyyətin stolüstü kitabına çevrilən romanlar yaratdı...

Ənənə güclənərək bir toplumun mənəvi varlığına çevrilir. Hətta bəzən o qədər ciddi istiqamət alır ki, ölüm-qalım dilemması kimi qarşıya çıxıb, böyük bir coğrafiyanın yaşamaq səbəbinə çevrilir.

Bu mənada səs, ifaçılıq həmişə Qarabağın mənəvi pasportu kimi çıxış edib.

Keçdiyimiz bu ağır otuz ildə o coğrafiyanın insanını ayaqda saxlayıb.

Həmişə qeyd etmişəm, Qarabağı ordumuzdan əvvəl muğamımız qaytardı. Bu heç də gəlişigözəl söz deyil. Bir xalqın öz mahiyyətinə dönməsi üçün öz ruhunu yaşatması ən vacib amildir. Muğam Qarabağın ruhu kimi qəlbimizdə yaşadı. Biz onunla nəfəs alıb Qarabağı yaddaşımızda, ruhumuzda diri saxladıq. Eyni zamanda, onu yeni nəslə – silaha sarılıb son qarışını düşməndən geri alan gəncliyə ötürdük

Deyilənlərdən yola çıxsaq, Ağdamda Muğam Mərkəzinin açılışı təkcə mədəni bir hadisə deyil. İlk növbədə ruh və mənəviyyat hadisəsidir. Yaxın tarixə ən yeni tarixin qələbə ruhlu reaksiyasıdır. Sonu sevinclə bitən müqəddəs kədərdir. Ona görə açılış mərasimindəki ifaları həm gözümüzdə yaş, həm üzümüzdə təbəssüm dinləyirik.

Düşmənin öldürdüyü bir şəhər öz ruhuna qovuşur, torpaq ulu övladı Adəm kimi asqırıb cana gəlir.

İnsan da, təbiət də, musiqi də öz mahiyyətinə dönür, lazım olduğu məqama yetişir.

Qarabağ muğama, muğam Qarabağa qovuşur.

Qarabağdan muğam səsi gəlirsə, deməli nağıllardakı otu qaytarıb atın qabağına qoyublar.

Məcnun Leylisinin, Kərəm Əslisinin vüsalına çatıb.

Azərbaycanın hər bölgəsinə səpələnən kövrək Qarabağ öz pərdəsinə qayıdıb və bundan sonra bizə daha çox sevinc bəxş edəcək.  

SON XƏBƏRLƏR