18.03.2026, 14:09
AZ EN
18.03.2026, 12:11 9

Çanaqqala döyüşlərindən 111 il ötür

XƏBƏRLƏR
  • Martın 18-i Birinci Dünya müharibəsinin ən qanlı hərbi əməliyyatlarından biri olan Çanaqqala döyüşlərinin anım günüdür. Bu gün tarixin ağrılı olduğu qədər də şərəfli günlərindən sayılan Çanaqqala Dəniz Zəfərindən 111 il keçir.

Hər il bu gün Türkiyədə Çanaqqala Dəniz Zəfəri və 18 Mart - Şəhidləri Anma Günü kimi yad edilir.

Bu döyüşlərdə Osmanlı Ordusu 250 min şəhid versə də, Çanaqqala boğazının keçilməz olduğunu düşmənə sübut edib.

1915-ci il martın 18-dən 1916-cı il yanvarın 9-dək davam edən Çanaqqala döyüşləri Osmanlı ilə Antanta dövlətləri arasında baş vermiş dəniz və quru döyüşləridir. İttifaq ölkələri Osmanlı dövlətinin paytaxtı İstanbulu işğal edərək boğazlara nəzarəti ələ keçirmək, Rusiya ilə etibarlı ticarət yolu açmaq, Almaniyanın müttəfiqlərindən birini zəiflətmək məqsədilə ilk hədəf olaraq Çanaqqala boğazına girərək müharibənin taleyini qəti şəkildə həll etməyi planlaşdırırdı. Lakin türk Ordusunun qəhrəmanlığı düşmənin bu planını puça çıxarıb. Bu qanlı döyüşlərdə hər iki tərəf ağır itkilər verib. Antanta dövlətlərinin hərbi dəniz qüvvələrinin Çanaqqala boğazını keçmək cəhdlərinin qarşısı tam alınıb. Bu döyüşlər türk xalqının hərb tarixinə qızıl hərflərlə yazılıb.

Azərbaycan ilə Türkiyə arasındakı qardaşlığın və tarixi bağların rəmzlərindən olan Çanaqqala döyüşlərində şəhid olanların 3 mindən çoxu azərbaycanlıdır.

Qeyd edək ki, bu tarixi gün münasibətilə Türkiyədə silsilə tədbirlər keçirilir. (AZƏRTAC)

Oxşar xəbərlər