Sərgidə nümayiş edilən eksponatların kataloqu, Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyası tədbir iştirakçılarına təqdim edilb, həmçinin “Qərbi Azərbaycanın zəngin mədəni irsi” adlı videoçarx nümayiş olunub.
Qərbi Azərbaycandan deportasiya edilmiş azərbaycanlıların mədəni irsi barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması, qərbi azərbaycanlıların mülkiyyət hüquqları barədə məsələnin gündəmə gətirilməsinə dəstək, xarici dövlətlərin Qərbi Azərbaycan məsələsində obyektiv mövqe tutmasının təşviqi üçün bu ölkələrin ictimai fikrinə təsir edən çevrələrin məlumatlandırılması, eləcə də indiki Ermənistan ərazisində mövcud olmuş azərbaycanlılara aid mədəni-tarixi, dini abidələrin vəziyyəti və etnik təmizləmə nəticəsində azərbaycanlıların mədəni irsinə, mədəniyyətinə və incəsənətinə vurulmuş zərərlər barədə İordaniya ictimaiyyətinin məlumatlandırılmasını hədəfləyən konfransda bu ölkənin ictimai-siyasi dairələri, ali təhsil müəssisələrinin akademik-müəllim heyəti, həmçinin beyin mərkəzlərinin nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfiri Eldar Səlimov malkav “Qərbi Azərbaycan mədəni irsinin izi ilə” adlı konfransın bütöv bir xalqın hüquqlarının, mədəniyyətinin və mənəvi irsinin bərpasına yönəlmiş səyləri təcəssüm etdirdiyini, tarix boyu indiki Ermənistan ərazisində yaşamış, bu torpaqlarda zəngin mədəni irs yaratmış, özünəməxsus folklor, adət-ənənə və həyat tərzi ilə fərqlənmiş azərbaycanlıların ötən əsrdə müxtəlif vaxtlarda öz doğma yurdlarından zorla çıxarılması və fundamental hüquqlarından məhrum edilməsi haqqında məlumat verib. E.Səlimov tədbir çərçivəsində ediləcək çıxışların, aparılacaq müzakirələrin və irəli sürüləcək təşəbbüslərin Qərbi azərbaycanlıların mədəni irsinin, tarixi abidələrinin, folklorunun və milli-mənəvi dəyərlərinin mühafizəsinə, təbliğinə və beynəlxalq ictimaiyyətə tanıdılmasına töhfə verəcəyinə əmin olduğunu bildirib.
Sonra Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının üzvü, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Əməkdar memar, professor Gülçöhrə Məmmədova “Qərbi Azərbaycanın memarlıq abidələri. İtirilmiş irsimiz”, Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov “Qərbi azərbaycanlıların qayıdış hüququ:tarixi və hüquqi istiqamətlər”, Yaxın və Orta Şərqin tanınmış kolleksionerlərindən biri, tədqiqatçı, əntiq əşyalar və şərq xalçaları üzrə mütəxəssis Mohammad Əl-Bağdadi “Qərbi Azərbaycanın maddi və qeyri-maddi irslərdə olan əsl tarixi”, İordaniya Əl-Əl Beyt Universitetinin professoru Əbdul Karim Caradat “Ermənistandan didərgin düşmüş azərbaycanlı yazıçılar: Yaddaş və reallıq arasında Qərbi Azərbaycan həsrəti” və İordaniya Haşimi Universitetinin Kraliça Rania adına Turizm və irs fakültəsinin professoru Mohammad Vahib “Ermənistandakı Azərbaycan irsinin qorunmasında süni intellektin imkanlarından istifadə” mövzuları üzrə çıxış ediblər.
Çıxışların ardınca İordaniya Haşimilər Krallığı Baş nazirinin müavini - Yerli idarəetmə nazirinin müşaviri, “Yaxın Şərqdə Sülh Mədəniyyəti Birliyi”nin rəhbəri Məhəmməd Əl-Malkavi söz alaraq, iki dost və qardaş xalqlar arasında mədəni bağlılığı və ortaq dəyərləri yüksək qiymətləndirib, 2023-cü ilin dekabrında Bakıda keçirilmiş “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda beynəlxalq konfransda iştirakını və bu xüsusda indiki Ermənistan ərazisindən didərgin düşmüş azərbaycanlıların öz ata-baba yurdlarına qayıtması, öz mədəni irslərinə sahib çıxmasının onların təbii hüquqları olduğunu vurğulayıb.
Sonra Səfirlikdə təşkil edilmiş “Qərbi Azərbaycan mədəniyyəti” adlı sərginin açılış mərasimi keçirilib. Yaxın və Orta Şərqin tanınmış kolleksionerlərindən biri, tədqiqatçı, əntiq əşyalar və şərq xalçaları üzrə mütəxəssis Məhəmməd Əl-Bağdadinin kolleksiyasından seçilmiş Qərbi Azərbaycan mədəni irsinin zənginliyini, orijinallığını və tarixi dərinliyini əyani şəkildə nümayiş etdirən tekstil, zərgərlik, metal məmulatları, tarixi sikkələr və digər əşyalar sözügedən sərgidə nümayiş olunub. Ekspozisiyada Qərbi Azərbaycan ərazisində yaşayan soydaşlarımızın istifadə etdikləri XVIII-XIX əsrlərə aid məişət və bəzək əşyaları, silah və zirehlər, milli geyinmlər, Qərbi Azərbaycan xovlu və xovsuz xalçaları, həmçinin 1654-1720-ci illər ərzində İrəvanda zərb olunmuş Səfəvilərə aid 5 ədəd sikkə nümayiş etdirilib.
Sonda tədbir iştirakçıları xatirə fotosu çəkdirib.
Tahirə AĞAMİRZƏ