- "İşğaldan azad olunmuş tarixi torpaqlarımızda şəhər və kəndlərimizin yenidən qurulması uca Tanrının xalqımıza bəxş etdiyi ən böyük mərhəmətidir. Erməni barbarlarının məhv etdiyi şəhər və kəndlərin xarabalıqları üzərində yenidən həyatın canlanacağı üçün öncə Allaha, şəhidlərimizə, qazilərimizə, dövlətimizə və Ali Baş Komandanımıza borcluyuq. Quruculuq işlərinin aparılması dövlətimizin üzərinə düşür. Amma vətəndaş olaraq bizlərin də boynumuza düşən borc var, hansısa əhəmiyyətli məsələ olar ki, onun həllində dövlətimizin yanında olmalıyıq. Məsələn, tarixi abidələrimizin qorunması işində".
"Vətən səsi" xəbər verir ki, Bakı Dövlət Universiteti tarix fakültəsinin müəllimi, Mənbəşünaslıq, tarixşünaslıq və metodikası kafedrasının dissertantı Ramiz Nəcəfli belə bir çağırışla ictimaiyyətə müraciət edib. O, qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə həlli vacib məsələlərdən biri tarixi abidələrimizin qorunmasıdır. Belə ki, söküntü və tikinti işlərini icra edən inşaatçıların gözündən yayınan və əhəmiyyətini bəlkə də dəyərləndirə bilməmədiyi yerləri, sahələri və ən kiçik nöqtələri bizlər- bu abidələri tanıyan, bilənlər göstərməli və onları qorumalıyıq".
Ramiz Nəcəfli tarixi abidələrlə zəngin olan Kəlbəcərlə bağlı zəruri məqamları diqqətə çatdırıb. O, qeyd edib ki, hazırda bərpa və yenidənqurma işlərinin başlandığı Zar kəndinin ərazisi qədim insan düşərgəsi olmaqla yanaşı, həm də qədim şəhər mədəniyyətini özündə əks etdirən məkandır. Burada hələ XX əsrin 60-80-ci illərində təsərrüfat işləri və tikinti işləri üçün aparılan qazıntılar nəticəsində üç-dörd təbəqəli qəbirlər aşkarlanıb. Hələ işğaldan əvvəl qəbirlərdən tuncdan və bürüncdən hazırlanmış zinət əşyaları, dulusçuluq məmulatları tapılmış, həmin materiallar Kəlbəcər Tarix- Diyarşünaslıq Muzeyinə verilmişdi. Şəhri-Zar kimi tanınan bu tarixi ərazi sözün əsl mənasında qədim şəhər mədəniyyətinə məxsus nümunələrlə zəngindir. Buradakı "Daş dirəkli dam" həmin mədəniyyətin sanki şah əsəridir. İşğal dövründə digər tarixi abidələrimiz kimi, "Daş dirəkli dam" da Ermənistan silahlı qüvvələri tərəfindən barbarcasına dağıdılaraq talan edilib".
Etnoqraf-alim bildirib ki, Kəlbəcər erməni işğalçılarından azad edildikdən sonra daş dirəklərdən bir neçəsini dağıntılar altından tapmaq mümkün olub. Ramiz Nəcəfli Kəlbəcərin tarixi keçmişini pzündə əks etdirən həmin daşların işğaldan əvvəli yerində saxlanmasını və qorunmasını zəruri hesab edir: "Zar kəndi ərazisində şəhər mədəniyyətini ifadə edən kirəmit qırıntıları və ortası deşik olan daş sütun altlığı da tədqiq etdiyimiz tarixi materiallardandır. Alban-qıpçaq abidələri nümunəsində hazırlanmış bu tapıntı hazırda Zarın ərazisindədir".
Kəlbəcər şəhərindəki "Qayanın başı" adlanan ərazidə üst-üstə 3-4 qat müxtəlif tipli qəbirlərdən aşkarlanmış muncuqlardan və tuncdan ibarət zinət əşyaların da dəyərli tarixi material kimi xarakterizə olunur. Ramiz Nəcəfli Hopurlu suyunun Zəylik çayına qovuşduğu ərazidə erkən orta əsrlərə məxsus qəbrlərin olduğunu da xatırladır: "Görünür, bu ərazi böyük bir qəbristanlıq olub".
BDU-nun müəllimi Kəlbəcərdə qədim şəhər mədəniyyətini özündə əks etdirən Keştək, Tirkeşəvənd, Başlıbel kəndlərində və Tərtər vadisi boyu ərazilərdə yerləşən qalaları tarixin müxtəlif dönəmlərindən bugünədək ulularımızın keçdikləri həyat yoluna işıq saçan mayak kimi səciyyələndirib. O, vurğulayıb ki, İstisu qəsəbəsində, Başlıbel, Qalaboynu, Qamışlı, Lev, Çovdar, Şahkərəm, Milli, Məmmədsəfi, Şurtan kimi kəndlərdə xristian və islam mədəniyyətinə aid nişanələr hələ də qalmaqdadır.
"Ona görə də quruculuq işləri apararkən bu və digər ərazilərdəki tarixi nişanələri qorumaq boynumuzun yüküdür. Bu, bizim tariximizdir!", - deyə Ramiz Nəcəfli əlavə edib.
Elxan SALAHOV