28.06.2025, 01:28
AZ EN
07.04.2023, 11:43 391

Qızımı və bayrağımı sənə tapşırıram!

XƏBƏRLƏR
  • Bu gün Vətən müharibəsi qəhrəmanlarından biri şəhid, leytenant Əliyev İmran Əli oğlunun doğum günüdür. O, 1993-cü il aprelin 7-də Göyçay şəhərində anadan olub. Uşaqlığı və gəncliyi Bakıda keçib. Bakıda 54 saylı tam orta məktəbdə təhsil alıb. Azərbaycan Texniki Universitetinin komputer mühəndisliyi fakültəsinə daxil olub. Oranı bitirdikdən sonra Naxçıvanda  Fövqəladə Hallar Nazirliyinin N saylı hərbi hissəsində xidmət edib. Leytenant İmran Əliyev Bərdə şəhərinin N saylı hərbi hissəsində fəaliyyət göstərib. Bir müddət sonra o, Tərtər şəhərinə ezam olunub.

2020-ci ildə başlanan və 44 gün davam edən Vətən müharibəsində İmran Əliyev bir komandir kimi döyüşlərə qatılıb. O, Suqovuşan ərazisində böyük şücaətlər göstərərək bir neçə postu əsgərləri ilə düşməndən geri alıb. Elə həmin qanlı döyüşlərin birində, sentyabrın 27-də qəhrəmanlıqla şəhadətə ucalıb.

Ölümündən sonra Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

Anası Səfayə Əliyeva bu gün övladı haqqında həm qüssə, həm də qürurla danışır. Deyir ki, İmran bayrağımızı çox sevirdi. Bayraq həmişə  onunla idi, əşyaları, hətta paltarları arasında da onu əzizləyib saxlayardı... Deyirdi ki, bir gün mən bu bayrağın arasında dönəcəm. Anasına çox zəng edirdi. Ona “Sən mənim ürəyimsən!” – deyirdi...

“Əsgərləri komandirləri üçün göz yaşı tökürdülər. Biz buna təəcüblənəndə dedilər ki, İmran bizim komandirimiz, həm də, qardaşımız olub. O Vətən aşiqi, Mübariz vurğunu idi. Mübariz postunda xidmət etmişdi”.

Atası Əli kişi, qardaşı Sahib də, İmranla bağlı ürək yanğısı ilə danışırlar. Sahib deyir ki, İmran fəxr ediləsi qardaş idi. Çünki o, Vətəni çox sevirdi, mərd, qorxmaz, ailəcanlı idi.

Müharibəyə gedəndə ata-anasına bildirməyib ki, fikir eləməsinlər. Qardaşına deyib ki, qızımı və bayrağımı sənə tapşırıb gedirəm.

Şəhidimizin Dəniz adında bir əmanəti bu gün doğmalarının ən böyük təsəllisinə çevrilib.

Doğum günün mübarək, məzarın nurla dolsun, Şəhidim!

Mina RƏŞİD    

Oxşar xəbərlər