28.06.2025, 01:27
AZ EN
01.04.2023, 09:41 291

Aprelin 1-də Aqil Abbasın 70 yaşı tamam olur

XƏBƏRLƏR
  • Aprelin 1-i yazıçı, jurnalist, millət vəkili Aqil Abbasın 70 yaşı tamam olur. Bununla bağlı İctimai Televiziyada video-sujet hazırlanmışdır.

Gülüş günündə dünyaya göz açan dəyərli ziyalımızın yəqin elə bu səbəbdəndir ki, həm yaradıcılığında, həm də insanlarla ünsiyyətində güclü yumor hissi bitib-tükənmir.

1953-cü ildə Ağcabədi rayonunun Hacılar kəndində doğulan Aqil Məhəmməd oğlu Abbasov tanınmış yazıçı, publisist İradə Tuncayla ailəlidir. İki oğul atası və 4 qız babası olan yazıçının bir çox titulları olsa da, həmişə təmqəraqlı təqdimatlardan qaçır və deyir ki, insan öz adı ilə hər şeyi ifadə edir.

“Ailədə 8 uşaq idik, dədəm-nənəm heç bilmirdi hansımız hansı gündə doğulub. Bircə mənim ad günüm  1 aprel qeyri-adi gün olduğuna görə yadda qalıb. Özümə ad günü keçirməmişəm heç vaxt. 35 il müharibə şəraitində nə ad günü keçirmək. Amma indi Allaha şükür, üç ildir ki, gedirəm Ağdama, həyətimizdə tonqal qalayıram, hoppanıram, süfrə açırıq, bir tikə çörək yeyirik, Ağdam da tikilir və ürəyim açılır, yəni daha indi ad günü keçirmək olar”.

“Hər yaşın öz gözəlliyi olduğu kimi, dərdi-kədəri də var”,- deyir əməkdar jurnalist: “İnsan qocalmağı da bacarmalıdır, Allah ömür verərsə təbii ki, amma ən çox 35 yaşıma qədər mənim günüm xoş keçib. Kəndimizdə, Ağdamda, dostlarımla. Sonra müharibə başlayıb. Ondan sonra həyat başqa cürə olub, yəni mübarizə həyatı olub. Yalnız yazılarımla,  Məmməd Arazın bir sözü var: deyir elə ki, “Qələmi aldım əlimə, Araz gəlir dilimə”. Mən də əlimə qələm alan kimi Qarabağdan yazıram, Qarabağı yazıram”.

Mülayim, səmimi, sadə xalq adamı olan Aqil Abbas heç kimə nifrət etmədiyini deyir. Daim insanların arasında olmağa üstünlük verir. İstər ədəbiyyatçı, istər jurnalist, istərsə də millət vəkili kimi tanıyan bütün insanlar mənə doğmadır deyir: “Mən ümumiyyətlə, insanların arasında olmağı xoşlayıram, adamların arasında özümü lap xoşbəxt hiss edirəm. Həmişə kəndlərdə, rayonlarda oluram, millət vəkili olmamışdan əvvəl də kəndlərdə idim, Qarabağda idim və Azərbaycanın müxtəlif rayonlarını gəzməyi xoşlayırdım. Azərbaycanın elə bir rayonu yoxdur ki, oranı gəzməmiş, insanlarla  çay içməmiş, çörək kəsməmiş olub.”

Onun bədii yaradıcılığı, ömür yolu çoxlarına yad deyil. “Dolu” romanı əsasında ekranlaşdırılan eyni adlı filmi isə son illər Qarabağ müharibəsi mövzusunda  çəkilən ən yaxşı işlərdən  biri hesab edilir: “Dolu” romanı haqqında təxminən 300-ə qədər məqalə yazılıb. Romandan iki dəfə, üç dəfə böyükdür. Camaatı inandırmağa çalışmışam ki, biz Şuşanı da, Ağdamı da, Kəlbəcəri də... azad edəcəyik. Camaatın ruhunu, döyüşçülərin, gənclərin ruhunu saxlamağa çalışmışam. Onlar da getdilər aldılar. Filmdə bir yer var, biz Ağdam azad olunandan sonra piyada getdik ora”.

Yazıçı “Ən xoşbəxt adam” povestindəki kimi bu gün özünü çox xoşbəxt hiss edir. Deyir ki, o əsəri qələmə alanda 25 yaşım var idi və dünya tamam başqa dünya idi. O dövrün arzuları da fərqli idi,  hissləri də. O vaxt yazıçı kimi, ziyalı kimi xoşbəxt idimsə də, bu gün azad Qarabağı, Ağdamı gördüyüm üçün daha çox xoşbəxtəm: “Qələbə çalana qədər xoşbəxtlik hiss eləməmişəm. Mənim ən böyük xoşbəxtliyim birinci dəfə Ağdama girəndə oldu. Hətta oğluma zəng elədim,  dedim girdim Ağdama, telefonu söndürdüm ağladım. İstəmədim onun səsini eşidim, onun səsini eşitsəm, daha bərk ağlayacağıdım. Sonra həyətimizə girəndə də xanıma zəng elədim, dedim, İradə, həyətimizdəyəm, sonra telefonu söndürdüm. O da hiss elədi ki, danışa bilmirəm, danışsam, boğulacam. Artıq o xoşbətlik ağlamağı idi. İlk dəfə Ağdamda qol açıb oynadım, mən oynamadım, şəhidlərin ruhu idi oynadan. Paltomu hara atdım, bilmirəm, qollarımı açdım oynadım, sonra da Qarabağ komandası qoşuldu mənə. Birlikdə oynadıq. Xoşbəxtlik budur!”

Aqil Abbas Qarabağ xanəndəlik məktəbindən də ağız dolusu danışaraq bildirdi ki, Qədir Rüstəmovun təkrarsız, məlahətli, yanıqlı səsinin valehi olmuşam: “Mənim kumirimdi Qədir Rüstəmov qeyri-adi səsiylə. Bütün müğənnilərə hörmətim var, amma mənim üçün Qədir Rüstəmov, Rəşid Behbudov,  Akif İslamzadə və Müslüm Maqomayevdir, bunlar mənim üçün təmiz başqa dünyanın adamlarıdır. O cümlədən də Rəmişdi,  Vaqif Mustafazadədi,  Rafiq Babayevdir (rəhmətliklər), bunlar mənim kumirlərimdir. Bu dəqiqə evdə axtarsan, nə qədər onların lentlərini tapa bilərsən”.

Çox sevdiyi hədiyyənin kitab olduğunu deyən yazıçı vurğuladı ki, mənim üçün ən böyük hədiyyə nəvələrimin məni qucaqlaması, məni öpməsidir, xanımımın xoş sifətidir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər