ETSN-nin Milli Ekoloji Kəşfiyyat xidmətinin rəisi Əli Əliyev dediyinə görə, Kəlbəcər rayonunun ərazisində bu gün ehtiyatları hesablanmış 134 faydalı qazıntı yatağı mövcuddur. Bu yataqların içərisində qızıl, polimetal, təbii və əlvan daşlar, üzlük daşları, termal sular geniş yayılmışdır. Söyüdlü, Ağdağ, Qızılbulaq qızıl yataqlarında,ümumiyyətlə, 143 ton faydalı qızıl yataqları mövcuddur. Ancaq bu yataqlar erməni işğalçıları tərəfindən uzun müddət istismara cəlb edilmişdir. Eyni zamanda ətraf mühitə də ciddi ziyan vurulmuşdur. Kəlbəcər rayonu ərazisində istismar ehtiyatlarının daşınmasında erməni işğalçıları və xarici ölkələrdən dəvət olunmuş bir sıra komersantlar, xüsusilə qızılın və polimetalın daşınmasında yaxından iştirak etmişlər. Ola bilsin ki, bu gün vurulmuş ziyanın həcminin hesablanması iqtidarında deyilik, amma ən yaxın zamanda Böyük Qayıdışın ilkin mərhələsində biz Kəlbəcər rayonu ərazisində erməni işğalçılarının qarət etdikləri faydalı qazıntıların, qızıl ehtiyatlarının həcmini hesablamağa başlayacağıq. Bunun üçün monitorinq və təftiş işlərinin aparılması nəzərdə tutulmuşdur.
Bundan əlavə, Kəlbəcər ərazisində ümumi ehtiyatları 2,2 milyon kub metr olan ikiüzlü daş yatağı, ehtiyatları 2540 min kub metr olan çəpli qum çınqıl qarışığı yatağı, gözəl dekorativliyə malik dörd mərmər oleksi, nefroit yatağı, 1 dəvəgözü yatağı mövcuddur.
Hazırladı: Tahirə AĞAMİRZƏ