Bu qəhrəmanlardan biri də şəhid Ramin Zeynalovdur. Zeynalov Ramin Yasən oğlu 2000-ci ilin martın 1-də Ağdam rayonunun Qiyaslı kəndində məcburi köçkün ailəsində anadan olub.
Sonra ailə Ağdam rayonunun Baharlı qəsəbəsində məcburi köçkün ailələri üçün tikilən 2 otaqlı evlə təmin olunub.
O, orta məktəbi bitirdikdən sonra Ağdam Dövlət Sosial İqtisad kollecinə daxil olub. Kolleci bitirən Ramin 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsi başlayanda bütün vətənpərvər oğullar kimi 3 ayın əsgəri olan Ramin də döyüşlərə qatılıb. Murovdağ istiqamətində döyüşən Ramin yaralanıb hospitala gətirilib. Yaralı olmasına baxmayaraq, yenidən döyüş bölgəsinə əsgər yoldaşlarının yanına qayıdıb. Oktyabrın 19-da Murovdağ istiqamətində gedən döyüşlərdə qəhramanlıqla şəhid olub. Oktyabrın 20-də Ağdam rayonunda şəhidlər xiyabanında dəfn edilib.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Hərbi xidmətlərə görə", "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.
Tahirə AĞAMİRZƏ