Bu barədə Milli Elmlər Akademiyasından məlumat verilib. Bildirilib ki, Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, t.ü.f.d., dosent Fərhad Cabbarovun “Qarabağda və Zəngəzurda ilk erməni-azərbaycanlı münaqişəsi (1905-1906)” adlı kitabı çap olunub.
Kitabın elmi redaktoru muzeyin baş direktoru, akademik Nailə Vəlixanlıdır.
Zəngin arxiv sənədləri, dövri mətbuat materialları əsasında yazılan bu monoqrafiya Qarabağda və Zəngəzurda 1905-1906-cı illər münaqişəsinin necə həyata keçirildiyi, iki xalq arasında bu günə qədər davam edən gərginliyin, ədavətin necə qızışdırıldığı haqqında suallara cavab verir. Əsərdə, həmçinin erməni terroruna qarşı müqavimətin təşkil olunması, Qarabağ və Zəngəzurdakı hadisələrin Azərbaycan cəmiyyətində siyasi birləşmə, milli həmrəylik proseslərinə təsiri məsələlərinə də geniş yer verilib. (APA)