28.06.2025, 11:18
AZ EN
05.01.2023, 15:27 374

Qələbə onun əsas amalı idi

XƏBƏRLƏR

Azərbaycanın şanlı ordusunun adı tariximizə qızıl hərflərlə yazıldı. Hamının bir arzusu vardı – torpaqlarımızın azad olunması. Müzəffər Ali Baş Komandanımızın müasir səviyyədə ordu quruculuğu hər şeyi həll etdi, düşmən günahlarının cəzasını aldı. Bu mübarizədə canını belə əsirgəməyən qəhrəmanlarımızdan biri olan Aqil Süleymanlı ilə görüşdük. O, bildirdi ki, 12.11.1991-ci ildə Kəlbəcər şəhərində anadan olmuşam. 1993-cü ildən məcburi köçkün kimi Gəncə şəhəri Hacıkənd qəsəbəsində məskunlaşmışıq. 1998-ci ildə Hacıkənddə yerləşən 99 nömrəli Kəlbəcər məktəbinin birinci sinfinə getmişəm. 2004-cü ildən Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən 2 nömrəli Kəlbəcər məktəbində təhsilimi davam etdirmişəm. 2009-cu ildə həmin məktəbi bitirib Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuşam. 2013-cü ildə Universiteti bitirib N saylı hərbi hissədə leytenant rütbəsində xidmətə başlamışam. 2015-ci ilin aprel ayında tərxis olunmuşam. 2020-ci il sentyabr ayının 21 də təlimlərə qatılmışam. 27 sentyabr 2020-ci il tarixində Murov dağı- Kəlbəcər istiqamətində N saylı əlahiddə kəşfiyyat - həmlə taborunda döyüşlərdə olmuşam. Oktyabr ayında isə Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində qaynar nöqtələrdə döyüşlərdə olmuşam. 30 oktyabr 2020-ci il tarixində Xocavənd rayonunda Qırmızı Bazar adlanan ərazidə təxminən 200 metr məsafədən erməni postu ilə üzbəüz döyüş zamanı ayağımdan ağır yaralanmışam. 12 saat yaralı vəziyyətdə 3 km məsafəni döyüş yoldaşım, MAXE Axundov Elvinlə birgə sürünə sürünə neytral əraziyə gəlmişik.

Qələbəmizdən sonra cənab Prezidentin sərəncamları ilə mənə “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Müharibə iştirakçısı” medallari və baş leytenant hərbi rütbəsi verilmişdir. Yaralandıqdan bugünə qədər 10 dəfə əməliyyat keçirmişəm. Əməliyyatların 3-nü qardaş Türkiyədə olunmuşam.

İsa Musayev

Oxşar xəbərlər