O, Kəlbəcəri görmədi. Amma doğma yurdun azadlığı, vətənin bütövlüyü uğrunda döyüşdü və 19 yaşında şəhidlik zirvəsinə ucaldı. Babaları Dəmirçi Abbasın, Zakir müəllimin ruhuna qovuşmuş ruhu indi Kəlbəcər səmalarında qürur və hüzur içərisindədir...
Elnur Nəcəf oğlu Mustafayev 9 fevral 2002-ci ildə Bakı şəhərində anadan olmuşdu. Atası Kəlbəcərin Ağcakənd, anası Oruclu kəndlərindən məcburi köçkün kimi gəlmişdilər paytaxta... Ata babası, “Dəmirçi” təxəllüsü ilə şeirlər yazan Abbas kişi külli-Qarabağda tanınıb, ana babası Zakir Rüstəmov rayonunun hörmətli ziyalılarından olub. Ermənistanın təcavüzü və işğalı nəticəsində isti ocağından didərgin düşmüş ailənin övladı kimi Elnur ağlı kəsəndən əzizlərinin, yaxınlarının Kəlbəcər həsrətini qəlbinə və yaddaşına həkk edib. Bu həsrətə son qoymaq arzusu ilə böyüyüb. Eyni zamanda, sanki uşaqlıqdan tale yazısı olan müqəddəs savaşa hazırlaşıb. Paytaxtın Binəqədi rayonundakı General Ə.Şıxlinski adına 135 nömrəli tam orta məktəbdə oxuyarkən idmanın güləş növü ilə məşğul olub, müxtəlif yarışlarda qələbələr qazanıb, yüksək yerlər tutub. Eyni zamanda, müqəddəs dinimizə bağlılığı ilə mənəvi gücünü möhkəmləndirib.
Hərbi xidmətə 2020-ci il mayın 7-də yollanan Elnur Vətən müharibəsi başlananda cəmi dörd ayın əsgəri idi. Amma elə bu qısa müddətdə də özünü mənəvi-fiziki hazırlığı, cəsurluğu və çevikliyi ilə komandirlərinin rəğbətini qazanmış, döyüşçü xüsusiyyətlərinə yiyələnə bilmişdi. Müharibənin ilk günündən ön cəbhədə olan və erməni quldurlara qarşı cəsarətlə vuruşan gənc əsgər atası ilə telefon danışıqlarının birində içərisi düşmənlə dolu olan 2 avtomaşını məhv etdiyini də deyibmiş... Onun döyüş yolu, əsasən, Füzulidən, Xocavənddən keçib. 2020-ci il oktyabrın 30-da Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində gedən şiddətli döyüşdə Elnur qəhrəmancasına həlak olub. O, şəhid düşən əsgər yoldaşını döyüş meydanından çıxararkən düşmən snayperinin gülləsinə tuş gəlib. Elnurun nəşi oktyabrın 31-də Binəqədi rayonundakı Sulutəpə qəsəbəsində torpağa tapşırılıb. 19 yaşlı şəhidimiz Vətən müharibəsində göstərdiyi mərdliyə, döyüş tapşırıqlarını şərəflə yerinə yetirdiyinə görə, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Ötən il oktyabrın 31-də şəhid Elnur Mustafayevin anım mərasimi keçirilib. Mərasimdə dostları, döyüş yoldaşdarı onun haqqında xatirələrini danışıblar, din xadimləri ruhuna dualar oxuyblar.
...O, ata-baba yurdu Kəlbəcəri görə bilmədi, amma əsarətdə olan torpaqlarımızın işğaldan azad edilməsi üçün öz canından keçməklə təkcə kəlbəcərlilərin deyil, bütövlükdə qədirbilən xalqımızın fəxri, qüruru oldu.
Allah rəhmət eləsin.