28.04.2026, 10:57
AZ EN
28.04.2026, 08:31 135

Gənclər Forumu: “Qərbi Azərbaycan İrsini Tanı”

XƏBƏRLƏR
  • Aprelin 27-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, Qərbi Azərbaycan İcması və Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin tərəfdaşlığı, Nizami Kino Mərkəzinin dəstəyi və “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan İrsini Tanı” layihəsi çərçivəsində Gənclər Forumu keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz və suverenliyimiz naminə canlarından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər - “İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Gənclər Birliyinin sədr müavini Naqif Həmzəyev və Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin Strateji təhlil sektorunun müdiri Dağlar Yusifov Qərbi Azərbaycanın zəngin tarixi, mədəni irsi və milli-mənəvi dəyərlərinin tanıdılması, gələcək nəsillərə çatdırılmasının mühüm əhəmiyyət daşıdığını qeyd edib, həmin istiqamətdə həyata keçirilən layihələrin gənclərin tarixi yaddaşının möhkəmləndirilməsinə, milli kimlik şüurunun güclənməsinə və vətənpərvərlik ruhunun aşılanmasına xidmət etdiyini diqqətə çatdırıblar. Eyni zamanda, vurğulanıb ki, gənclərin belə təşəbbüslərdə fəal iştirakı dövlətçilik dəyərlərinə bağlı, savadlı və təşəbbüskar nəslin formalaşmasına mühüm töhfə verir.

Daha sonra layihə çərçivəsində keçirilən intellektual oyunun qalibləri - Bakı Dövlət Universitetinin komandası, “Data Qorqud” komandası və “Triple 7” komandasının üzvləri təltif olunublar.

Forum öz işini panel müzakirələrlə davam etdirib.

“Qərbi Azərbaycan İrsi: tarix, mədəniyyət və ənənələrdən müasir dövrümüzə körpü” mövzusunda ilk panel sessiya keçirilib. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının moderatorluq etdiyi müzakirədə sənətşünaslıq üzrə fəlsəfə doktoru, Mədəniyyət TV-nin direktor müavini, Prezident mükafatçısı Bəhruz Niftəliyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının dosenti, “İrəvan” ansamblının bədii rəhbəri Maya Qafarova, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kəlağayı muzeyinin direktoru Güllü Eldar Tomarlı, multimedia rəssamı, kino və teatr üzrə quruluşçu rəssam Vüsal Rəhim çıxış ediblər. Paneldə Qərbi Azərbaycanın zəngin tarixi irsi, musiqi və poeziya ənənələri, milli sənət nümunələri, bu dəyərlərin müasir yaradıcı platformalarda yaşadılması və gələcək nəsillərə ötürülməsi məsələləri müzakirə olunub.

Daha sonra “Qərbi Azərbaycan irsinin təbliği, təşəbbüslərin dəstəklənməsi, gənclərin iştirakçılığının artırılması” mövzusunda ikinci panel sessiya təşkil edilib. “İRƏLİ” İctimai Birliyinin baş katibi Riad Cəbrayılovun moderatorluğu ilə keçirilən paneldə Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Gənclər Birliyinin sədr müavini Naqif Həmzəyev, Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik tərbiyəsi sektorunun müdiri Coşqun Hidayətov, “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Bəxtiyar Əliyev, Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı, rəssam Elçin Hüseyn, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Proqram meneceri, CreART Mədəniyyət Klubları Şəbəkəsinin Dəstəklənməsi Proqramının rəhbəri Bəxtiyar Quluzadə çıxış ediblər. Sessiyada gənclərin milli irsin təbliğində rolu, təşəbbüslərin institusional dəstəklənməsi, yaradıcılıq platformalarının genişləndirilməsi və ictimai iştirakçılığın artırılması istiqamətində fikir mübadiləsi aparılıb.

Forum bədii hissə də nümayiş etdirilib. (AZƏRTAC)

Oxşar xəbərlər