Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri Fəridə İbayeva, Tapdıq Nəsirov, YAP fəalları, mədəniyyət işçiləri, İctimai birliklərin üzvləri, yazarlar, şəhid ailələri, müharibə əlilləri, veteranlar, 8 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Təqdimat mərasimində çıxış edənlər qeyd ediblər ki, Qarabağ və Şərqi Zəngəzur uğrunda gedən döyüşlərdə Cəbrayıl rayonu 427 şəhid vermiş, yüzlərlə övladı isə qazi adını qazanmışdır. Vətən tarixinin ən şanlı səhifələrini öz şəhadətləri ilə yazan bu oğulların hər birinin keçdiyi döyüş yolu bir qəhrəmanlıq məktəbidir, hər birini böyük qürur və iftixar hissi ilə yad edirik. Bizim borcumuz şəhidlərimizin qəhrəmanlıqlarını yazılı tarixə çevirmək, onları yeni nəslə tanıtmaqdır. Bu gün təqdimatına toplaşdığımız Dürdanə Qaraşovanın “Cəbrayıl şəhidləri” kitabı da məhz bu amalın, bu niyyətin nəticəsidir. Şəhidlərimizin şərəfli döyüş yolunu işıqlandıran, xatirələrinin yaddaşlarda saxlanılması və gənc nəslin vətənpərvər ruhda tərbiyəsində mühüm rol oynayan bu cür kitabların yazılmasının böyük əhəmiyyəti vardır. Kitabda 337 igid oğlumuzun həyat hekayəsi və şərəfli döyüş yolu kövrək hisslərlə qələmə alınıb. Bu nəşr şəhidlərimizin xatirəsini əbədiləşdirməklə yanaşı, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır.
Mərasimdə iştrak edən şəhid ailələri rayon rəhbərliyinə, kitabın müəllifinə, tədbirin təşkil olunmasında əməyi olan şəxslərə təşəkkür ediblər.
Sonda şagirdlərinin ifasında müəllifin şeirləri səsləndirilib və “Cəbrayıl şəhidləri” kitabı tədbir iştirakçılarına təqdim olunub.