17.04.2026, 13:37
AZ EN
17.04.2026, 10:36 114

Ermənistanda seçki qovğası: "Rusiyanın adamı" seçiciləri pulla ələ alır

XƏBƏRLƏR
  • Ermənistandakı bəzi siyasi qüvvələr iyunun 7-də keçiriləcək parlament seçkilərində seçiciləri ələ almaq üçün rüşvət taktikasını işə salıb. Artıq bu cür qanunsuz əməllərə görə həbs olunanlar da var.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatında və sosial şəbəkələrdə çoxsaylı məlumatlar yayılıb. Bildirilir ki, barəsində ev dustaqlığı həbs-qəti imkan tədbiri seçilmiş erməni əsilli rusiyalı iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" partiyasının tərəfdarından bir neçəsi saxlanılıb. Partiyanın üzvü Qoar Meloyan bildirib ki, bu gün səhər saatlarından etibarən təmsil olunduğu siyasi təşkilata qarşı kampaniya başlayıb. Kampaniya çərçivəsində axtarışlar həyata keçirilib, partiyanın tərəfdarları və adı seçki siyahısında olan bir üzvü zorla gətirilməyə məruz qalıb. Onun sözlərinə görə, saxlanılanlar arasında partiyanın fəal üzvləri olan qadınlar da var.

Məlumatda o da qeyd olunur ki, Ermənistan Baş naziri Nikol Paşinyan rusiyalı oliqarx Samvel Karapetyanın sədri olduğu partiyasının üzvlərinin vətəndaşlara seçki rüşvəti vermələri məsələsinə münasibət bildirib. O, bununla bağlı hüquqi müstəvidə araşdırmaların aparıldığını və müxtəlif mənbələrdən əldə edilmiş məlumatların təsdiqini tapdığını söyləyib. O, 2018-ci ildə hakimiyyətə gəldikdən sonra Ermənistanda seçki rüşvəti taktikasının işləmdədiyini, bundan sonra da işləməyəcəyini əminliklə vurğulayıb.

Baş nazir dünən parlamentdəki "Hökumət saatı"nda deyib ki, xarici qüvvələrə arxalanaraq Ermənistanda siyasi gərginlik yaratmaq istəyən və qarşıdan gələn seçkiləri gözdən salmağa çalışan qüvvələrin öz məqsədinə çatmasına imkan verilməyəcək: "Onların rüşvət taktikası işə yaramayacaq və biz bu cür çirkin oyunları pozacağıq. Sizcə, 2021-ci il seçkilərində seçki rüşvəti verilməyib? Cinayət işləri açılıb, insanlar mühakimə olunub, məhkum edilib, onların arasında parlamentə seçilən müxalifət nümayəndələri də var. Artıq belə bir şey yoxdur, o dövr çoxdan geridə qalıb".

Xatırladaq ki, Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi bu gün seçki rüşvəti vermək və almaqda şübhəli bilinən "Güclü Ermənistan"ın 14 üzvünün saxlanıldığını açıqlayıb. Samvel Karapetyanın rüşvət taktikasında keçmiş prezident Robert Köçəryanın komandasının sinxron hərəkət etdiyi söylənilir. Qeyd olunur ki, yenidən hakimiyyətə can atan Robert Koçaryan Kremldəki havadarlarına güvənərək Rusiyanın Ermənistana göndərdiyi oliqarx Karapetyanla birlikdə seçiciləri öz tərəfinə çəkmək üçün xüsusi plan hazırlayıb. Həmin plana əsasən, ikili vətəndaşlığı olan Samvel Karapetyanın seçkilərə buraxılmayacağı təqdirdə Köçəryan Paşinyana müxalif əsas qüvvənin vahid namizədi olacaq. Bu halda onu Rusiya hökuməti və prezident Vladimir Putin də dəstəkləyəcək.

Elxan SALAHOV

Oxşar xəbərlər