17.04.2026, 15:04
AZ EN
17.04.2026, 12:27 116

XVII əsrin yadigarı Qarğabazar karvansarası

QARABAĞ
  • Füzulinin 8 kilometrliyində yerləşən Qarğabazar kəndi Azərbaycanın ən qədim yaşayış məskənlərindəndir. Uzaq keçmişdə ölkələrarası ticarət vasitələrini qaydaya salan karvansaralardan həm də poçt-rabitə məqsədi üçün geniş istifadə olunurdu. Dünyanın o başındakı yeniliklər, ucqar məmləkətlərdə yaşayan xalqların siyasi-iqtisadi, sosial-mədəni həyatındakı dəyişikliklər ilk növbədə karvansaralardan öyrənilərmiş. Füzuli rayonundakı Qarğabazar karvansarası o illərdən məşhurlaşmışdı.

Tarixi mənbələr də təsdiqləyir ki, orta əsrlərdə Şərqlə Qərbi birləşdirən Azərbaycandan keçən karvan yolları və bu yolun üstündəki karvansaralar dünya xalqlarının bir-biri ilə ticarət əlaqələri qurmasında müstəsna rol oynayıb. Müasir dövrümüzə qədər gəlib çatmış, XVII əsrin yadigarı olan Qarğabazar kəndindəki karvansara məhz belə bir şəraitdə məşhurlaşıb. Kənd Xudafərin körpüsündən keçən Şəki-Qarabağ-Hindistan marşrutu üzərində yerləşdiyindən ipək ticarəti üçün çox əhəmiyyətli hesab olunurdu.

Karvansara Qarğabazar kəndinin mərkəzində çox da hündür olmayan təpənin yaxasında qərar tutub. Uzunluğu 37.7, eni isə 23.6 metrə çatan karvansaranın plan və memarlıq həlli mərkəzdən keçən oxa simmetrik həll olunaraq ümumi konstruksiyaya tabe edilib. Vizual görünüşdə karvansara kompozisiyası bütöv bir orqanizm təsiri bağışlayır. Burada hər bir otağın öz funksiyası var. Düzbucaqlı şəkildə inşa olunmuş karvansara iki böyük ölçülü dəvəlikdən (zal), girişin sağ və sol tərəflərində gözətçilər üçün 2 kiçik otaqdan, baş tərəfində isə karvansara sahibi və tacirlər üçün 6 ədəd kvadrat şəkilli otaqlardan ibarət olub.

Karvansaranın yanındakı təpənin üstündə tikilmiş məscid binası çox yaxşı qalıb. Karvansaranın dəvələr saxlanılan hər iki zalında xüsusi kanalizasiya xətləri mövcud olub. Bu fakt bir daha sübut edir ki, Qarabağ memarlığında kanalizasiya məsələlərinə hələ çox qədimdən xüsusi diqqət yetirilib.

Elmi mənbələrdə karvansaranın tikilmə tarixi 1681-ci il göstərilib. Qarğabazar kəndinin mərkəzindəki karvansara yaşayış məntəqəsinin adı ilə eynilik təşkil etsə də, bəzən ora “Şah Abbas karvansarası” da deyilib.

Tarixən Azərbaycan xalqının milli dəyərlərinə, memarlıq abidələrinə qənim kəsilmiş ermənilər torpaqlarımızı işğal altında saxladıqları dövrdə Qarabağ və Şərqi Zəngəzurda bu çirkin niyyətlərini davam etdirib. Maddi mədəniyyət nümunələri üzərinə xaç işarəsini “ustalıqla” həkk edən düşmən Qarğabazar karvansarasının kitabəsinə də eyni münasibəti sərgiləyib. Lakin bu dəfə niyyətlərini həyata keçirməyə vaxt çatmadığından yazını tamamilə məhv etməklə kifayətləniblər.

Qarğabazar karvansarasının memarlığı Qarabağın Alban dövrünə məxsus olan memarlıq ənənələrini xatırladır. Azərbaycan Respublikasının tarixi abidələrindən hesab edilən karvansara 1992-ci ildə Qarğabazar işğalından sonra həmin kənddə qanunsuz məskunlaşmış erməni ailəsi tərəfindən mal tövləsinə çevrilib. Şanlı ordumuzun qəhrəmanlığı nəticəsində azad oluna ərazilərdə tarixi yaddaşın bir hissəsi olan maddi mədəniyyət nümunələrinin bərpası diqqət mərkəzində saxlanılır.

Röya SALMANQIZI

Oxşar xəbərlər