Bu barədə Qarabağ Dirçəliş Fondundan məlumat verilib.
Bildirilib ki, siyahılar dövlət büdcəsinə ödənilmiş vergilərin ümumi məbləği və dolayı vergilər (ƏDV və aksizlər) istisna olmaqla hesablanan vergi öhdəlikləri nəzərə alınmaqla iki istiqamət üzrə tərtib olunub.
Qeyd edək ki, vergi ödəyicilərinin bu siyahılara daxil edilməsi onların ödəniş məlumatlarının açıqlanmasına dair verdikləri rəsmi razılıq əsasında, tamamilə könüllü qaydada həyata keçirilir.
Qarabağ Dirçəliş Fondu hər iki siyahıda yer alıb. Belə ki, Fond dolayı vergilər istisna olmaqla hesablanan reytinqdə 43-cü, ödənilmiş vergilərin ümumi məbləği üzrə isə 74-cü pillədə qərarlaşıb. Fondun bu göstəricisi donorlar tərəfindən təqdim olunan vəsaitlərin məsuliyyətli və səmərəli idarə olunması nəticəsində əldə edilən gəlirliliyi əks etdirir.
Qarabağ Dirçəliş Fondunun investisiya fəaliyyəti nəticəsində formalaşan gəlirləri bir tərəfdən azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri üçün əlavə maliyyə imkanları yaradır, digər tərəfdən isə vergi ödənişləri vasitəsilə birbaşa dövlət büdcəsinə töhfə verir.
Xatırladaq ki, 2025-ci ildə Fondun ümumi vergi ödənişləri 19 milyon manat təşkil edib. Bunun 18,5 milyon manatı investisiya gəlirindən əldə olunan mənfəət vergisinin payına düşür. (AZƏRTAC)