Bu gün Kəlbəcər şəhərinə 6-cı köç karvanı yola salınacaq.
Köç edənlər Bakı, Gəncə şəhərlərində, həmçinin Bərdə, Samux və digər rayonlarda məskunlaşmış sakinlərdir. Bu köçlə yola salınan keçmiş məcburi köçkünlərə Kəlbəcər şəhəri birinci yaşayış məhəlləsində inşa edilmiş evlərinin açarları təqdim olunacaq.
Rayon sakini Qabil Şamilov uzun illərdən sonra doğma yurda qayıtmağın həyəcanını yaşadıqlarını vurğulayıb:
"Bu günə min şükür olsun, həm sevinir, həm də kövrəlirəm. Oradan ağlaya-ağlaya çıxmışdıq, indi gülə-gülə gedəcəyik".
Digər sakin Səfurə Atakişiyeva isə sevincdən normal yata da bilmədiklərini qeyd edib:
"Həqiqətən, rayondan çox acınacaqlı vəziyyətdə çıxmışdıq. Altı aylıq körpə ilə üç gün Murovda qaldıq, çarəsizlikdən uşağa qar yedirirdim. İndi həmin oğluma Kəlbəcərdə ev veriblər. Qayıtmağımıza görə o qədər sevinirəm ki, normal yuxu da yata bilmirəm".
Qeyd edək ki, köç karvanı Tərtər rayonundan yola düşəcək. (Report)