Bunu açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.
Mircəlil Qasımlı xatırladıb ki, Kəlbəcərin işğalı zamanı 511 dinc sakin qətlə yetirilib, 321 nəfər əsir götürülüb və itkin düşüb. Rayonun bütün əhalisi doğma yurdlarından didərgin salınaraq ölkənin müxtəlif bölgələrində məskunlaşmağa məcbur olub. İşğal nəticəsində Kəlbəcərin zəngin tarixi-mədəni irsi, sosial-iqtisadi infrastrukturu tamamilə məhv edilib, rayonun zəngin sərvəti talan edilib.
“Kəlbəcər-Laçın tuneli istiqamətində 1993-cü ilin martın 31-də törədilən qırğınlar erməni faşizminin simasını açıq şəkildə nümayiş etdirir. Kəlbəcəri məcburi tərk edən dinc sakinlər “Tunel” adlanan ərazidə Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən pusquya salınır və amansız cinayət törədilir. Kəlbəcərin işğalı zamanı azərbaycanlılara qarşı törədilən cinayətlərdən biri də 1993-cü ilin aprelində Başlıbel kəndində baş verib. Kəndi tərk edə bilməyən bir qrup Başlıbel sakini dağlara çəkilir və orada gizlənirlər. Bir müddət sonra sakinlərin sığındığı yerləri aşkarlayan ermənilər dinc sakinlərin üzərinə silahlı hücuma keçərək dəhşətli faciə törədirlər”, - deyə deputat vurğulayıb.
Ermənistanın BMT Təhlükəsizlik Şurasının Kəlbəcərin və digər işğal olunmuş ərazilərin dərhal azad edilməsi ilə bağlı qətnamələrinə məhəl qoymadığını söyləyən deputat ermənilər tərəfindən beynəlxalq hüquqazidd olaraq tarixi Azərbaycan torpaqlarında qeyri-qanuni məskunlaşdırma siyasətinin həyata keçirildiyini diqqətə çatdırıb.
“Uzun illər ərzində həm hərbi işğal, həm də beynəlxalq ədalətsizliklə üz-üzə qalan Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə böyük inkişaf yolu qət etdi. Ölkəmizin güclü iqtisadi dayaqlarının formalaşdırılması, hərbi qüdrətinin artırılması, beynəlxalq müstəvidə mövqelərimizin möhkəmləndirilməsi istiqamətində davamlı iş aparıldı və böyük uğurlara imza atıldı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Xalqımıza qarşı törədilən cinayətlərin qisasını döyüş meydanında alan Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini ağ bayraq qaldırmağa məcbur etdi, beynəlxalq hüququn tələblərini icra etdi, tarixi ədalət bərpa olundu”, - deyə o vurğulayıb.
Hazırda Kəlbəcərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığını söyləyən M.Qasımlı bildirib ki, Prezident İlham Əliyevin Kəlbəcərə mütəmadi səfərləri və burada həyata keçirilən layihələrə birbaşa nəzarəti dövlətimizin bu bölgəyə xüsusi diqqət və qayğısının bariz göstəricisidir. Hər bir səfər çərçivəsində yeni infrastruktur obyektlərinin təməli qoyulur, mühüm layihələrin açılışı həyata keçirilir. Artıq bu gün azad Kəlbəcər qüdrətli və qalib Azərbaycanın təcəssümüdür.
“Ötən ilin avqustunda Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərə köçən sakinlərlə görüşən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Kəlbəcər minalardan təmizlənib, burada işıq, su, təbii qaz çəkilib, yollar salınıb, müasir infrastruktur qurulub. Kəlbəcərlilərin bir qismi artıq doğma torpaqlarında firavan şəraitdə yaşayır. Ancaq daim sülhü və əmin-amanlığı dəstəkləyən Azərbaycan xalqı ermənilər tərəfindən törədilən cinayətləri heç vaxt unutmayacaq”, - deyə deputat vurğulayıb. (AZƏRTAC)