Bu tarix unudulmamalı, gənc nəsillərə miras qoyulmalıdır. Vətən müharibəsinin şanlı tarixinin yazılmasında iştirak edən, Vətənin layiqli övladı, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən igidlərimizdən biri də şəhid mayor Budaqov Rəşad Ramiz oğludur.
O, 1986-cı il martın 13-də Yevlax şəhərində dünya gəlib. İgidimiz vətənpərvərlik hissi ilə böyüyüb.
Məhz elə ona görə də hərb yolunu seçdi. 2003-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olan Rəşad Budaqov təhsilini müvəffəqiyyətlə bitirib, 2008-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb.
Ömrünün 12 ilini xalqına ləyaqətlə xidmət edən mayor Azərbaycanın ordu sıralarında tankçı zabit kimi xidmət edib.
Azərbaycanın bir çox bölgələrində xidmət aparan R.Budaqov əsasən cəbhə bölgələrində olub. Cəbhənin Füzuli, Ağcabədi, Bərdə, Goranboyda yerləşən hərbi hissələrində bölük komandiri, qərargah rəisi, hərbi hissə komandiri kimi çalışıb.
Hər zaman düşmənlə döyüşə hazır olan qəhrəmanımız son olaraq Yevlax rayonu N saylı hərbi hissədə briqada komandirinin Maddi Texniki Təminat üzrə müavini vəzifəsində çalışıb.
Onu tanıyanların sözlərinə görə, şəhid mayor çox mərd insan olub. 2016-cı ilin Aprel döyüşlərində iştirak edən R.Budaqov Ağdam istiqamətində gedən döyüşlərdə düşmənin döyüş texnikanlarını sıradan çıxarıb.
İkinci Qarabağ müharibəsi başlayanda ona təhkim edilən taborla Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Talış yüksəkliyinin işğaldan azad olunmasında böyük rolu olub.
Ağır döyüşlər zamanı ilk günlərdən yaralanan mayor yaralı olmasına rəğmən silahdaşlarını tək qoymayıb. Həkimlər ona bu vəziyyətdə döyüşməsinin təhlükəli olduğunu desələr də, həkimlərin təkidinə baxmayaraq, R.Budaqov yenidən döyüşlərə qatılıb.
Talış kəndi istiqamətində döyüşlərdə növbəti dəfə ağır yaralanan Rəşad Budaqovun həyatını bu dəfə xilas etmək mümkün olmayıb və 2020-il sentyabrın 30-da döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb.
Mayor Rəşad Budaqov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
Ruhu şad olsun!
Ailəli idi, 2 övladı Vətənə əmanət qalıb.
Tahirə AĞAMİRZƏ