15.12.2025, 12:22
AZ EN
15.12.2025, 09:32 146

Bu gün şəhid Murad Əsədovun doğum günüdür

XƏBƏRLƏR
  • Anası deyir ki, Murad sakit, mehriban bir uşaq idi. O, dərd-sərini həmişə mənimlə bölüşərdi. Murada “Dədəm”, deyirdim. İndi özümü nə qədər tox tutmağa çalışsam da balamın ayrılığına dözmək çətindi. Amma elə bilirəm ki, o yenə mənim yanımdadı, Murad ölməyib. Balamın son sözü bu olmuşdu: “Ana, sənin başını uca edəcəm!”

Muradın bircə bacısı var. Bacısı da qardaşından ürəkdolusu, can yanğısı ilə danışır. Deyir, qardaşım çox istiqanlı idi, məni çox istəyirdi. İndi onun bircə zənginə möhtacam. Onunla fəxr edirəm. Qardaşım tarix yazıb. Əmisinin dediyinə görə, Murad çox zəhmətkeş oğul idi. Hərbi xidmətdən qayıtdıqdan sonra, 6 ayın içində evdə, həyətdə nə qədər iş görmüşdü...

Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Əsədov Murad Rüstəm oğlunun doğum günüdür. O, 1999-cu il dekabrın 15-də Ağcəbədi rayonunun Şərəfxanlı kəndində anadan olub. Həqiqi hərbi xidmətini Naxçıvanda keçirib.

Azərbaycan Ordusunun əsgəri olan Murad Əsədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq 29 sentyabrdan döyüşlərdə iştirak edib. Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub.

Murad Əsədov 8 oktyabr 2020-ci ildə Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.

Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Murad Əsədov döyüşlərdə göstərdiyi şücaətlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına  əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər