Bəhruz Abbas oğlu İsgəndərov 1986-cı il noyabrın 29-da Gəncə şəhərində anadan olub. 2002-ci ildə Gəncə şəhər 17 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirib, təhsilini Bakı Texniki Kollecində davam etdirərək “Avtomobil və maşınqayırma” ixtisasına yiyələnib. 2006-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən hərbi xidmətə çağrılıb, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidməti borcunu yerinə yetirib. 2015-ci ildən MAXE hərbi qulluqçu kimi xidmət etməyə başlayıb.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Bəhruz İsgəndərov 2020-ci il sentyabrın 27-də başladılan Vətən müharibəsi zamanı Cəbrayıl, Qubadlı və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bəhruz İsgəndərov oktyabrın 29-da Laçın döyüşləri zamanı şəhidlik zirvəsinə yüksəlib. Qəhrəmanımız Gəncə Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Bəhruz Abbasoğlu İsgəndərov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Cəbrayılın azad olunmasına görə", "Laçının azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Bəhruz İsgəndərov ailəli idi. Bir övladı yadigar qalıb.
Məzarı nurla dolsun!
Tahirə AĞAMİRZƏ