Azərbaycan Ordusunun əsgəri Xəyal Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində mərdliklə vuruşub. Murovdağ, Laçın, Qubadlı, Xocavənd və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şücaətlər göstərib.
Xəyal Süleymanov "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Müharibə başa çatdıqdan sonra da Xəyal Süleymanov hərbi xidmətinə davam edib. O, 2021-ci ilin avqust ayından Quru Qoşunlarının "Komando" briqadasında xidmət edirdi.
2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhəddinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatı nəticəsində Azərbaycan-Ermənistan sərhədində toqquşma baş verdi. Döyüşlərdə Quru Qoşunlarının "Komando" briqadasının hərbçisi kimi iştirak edən Xəyal Süleymanov Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhadətə ucaldı.
Şəhidimiz sentyabrın 14-də Şəmkir rayonunun Şeidlər kəndində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Xəyal Süleymanov Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı və "Azərbaycan Bayrağı" ordeni ilə tətif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD