Bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Ədalət Mustafayevin “1993-cü il 31 mart - Kəlbəcərdə Tunel qətliamı” adlı məqaləsində yer alıb.
Məqalədə, həmçinin bildirilib:
- Ermənilər 1993-cü il martın 27-də bir neçə istiqamətdən Kəlbəcərə hücuma keçdilər. Hücum əməliyyatları Ermənistanın Göyçə mahalı istiqamətindən, Ağdərə-Kəlbəcər yolu, Qozlu Körpü-Çərəktar-Tunel istiqamətində həyata keçirilirdi. Eyni zamanda, Ağdərə-Murov dağ istiqamətindən Kəlbəcərin Yanşaq kəndinə doğru əlavə hücum xətti açılmışdı. Eləcə də, Laçın istiqamətindən hücuma keçən ermənilərin və müxtəlif hərbi birləşmələrin davamlı hücumu bir-birindən uzaq məsafədə yerləşən dağ kəndlərində vəziyyəti daha da ağırlaşdırmışdı. Kəlbəcər əhalisinin rayondan çıxması üçün yalnız bir yol var idi. O da həmin dövr üçün çətin, dağlıq ərazini əhatə edən Murov zirvəsindən keçən yol idi. Həmin dövrdə rayonun müdafiəsi çox zəif təşkil olunmuşdu. Görünür, ciddi hərbi mütəxəssislərin hesablamalarına ya diqqət edilməmiş, yaxud səhlənkarlıq olmuşdu. Azərbaycan Ordusuna məxsus hərbi texnikalar Laçın istiqamətinə cəmləşdirilmişdi. Laçının böyük hissəsi də işğalda olduğundan Ağdərə-Laçın istiqamətindən hücuma keçən ermənilər Laçında olan hərbi hissələri mühasirəyə saldılar. Bu zaman Azərbaycan əsgərləri texnikaları oradan çıxara bilmədilər. Məcburiyyət qarşısında qalan ordu texnikaları orada saxlayıb, çətinliklə dağ yolları ilə mühasirəni yarıb keçdi. Kəlbəcərin müdafiəsi və əhalinin çıxarılması rayonda yerləşən polis işçilərinin və könüllü batalyonun imkanları daxilində idi. 60 mindən yuxarı əhalisi olan Kəlbəcəri belə vəziyyətdə xilas etmək həqiqətən çox çətin idi. Martın 27-dən hücuma keçən ermənilər martin 31-də artıq bir neçə istiqamətdə böyük təhlükə yaradırdılar. Kəlbəcər rayonunda elə dağ kəndləri var ki, orada insanlar həm hadisədən çox gec xəbər tutmuşdular, həm də rayonun belə qısa müddətdə işğalını təsəvvür etməzdilər. Bəzi yerlərdə insanlar kəndi tərk etmək istəmir və ov silahı ilə olsa da, döyüşmək istəyirdilər. Belə bir vəziyyət əhalinin evakuasiyasını çətinləşdirir, digər tərəfdən fikir ayrılığı yaradırdı. Kəlbəcərin 30-dan yuxarı kəndi var ki, orada sakinlər ərazini tərk edən zaman gəlib bu tuneldən keçməli idilər. Bütün bunlar Ermənistan hərbi qüvvələri tərəfindən nəzərə alınmışdı. Buna görə də tuneldə pusqu quraraq insanlara qarşı qətliam törətmək planlaşdırılmışdı. Orada mühasirəyə düşərək məhv edilən və əsir götürülən insanlar haqqında orada olmuş, o faciələrin şahidi olmuş şəxslərin söylədikləri faktlara əsasən təhlil edərək şərh vermək olar.
Martın 31-də Çobangərəkməz kənd sakini Nizami Davudoğlunun “KamAZ” markalı maşınında olan Çormanlı kənd sakini Qara kişinin ailəsi orada əsir götürülür. Sonradan o ailədən əsirlikdən azad edilənlər oldu. Lakin əksəriyyətindən hələ də xəbər yoxdur. Kəlbəcərin Zağalar kəndindən Şamama adında bir qadın orada ağır yaralandı. Ağcakənddən olan başqa bir qadın ağır yaralandı. Tuneli keçmək istəyən Xallanlı kəndindən Qafar adlı kişinin əsir götürülərək güllələnməsi haqqında məlumatlar var. Orada şəhid olmuş Qafar kişinin cəsədi uzun illərdən sonra bu yaxınlarda tapılaraq Kəlbəcərdə dəfn edildi. Tuneldə əsir götürülən və sonradan əsirlikdən azad olunan Nəsibə Quliyevanın danışdıqları insanı dəhşətə gətirir. Nəsibə Quliyeva qeyd edir ki, 6 güllə yarası alıb və qardaşları da ağır yaralanıb. Onları işgəncə altında Ağdərənin Vəng kəndinə gətirirlər. Nəsibə xanım deyir: “Su istəyirdik, vermirdilər. Yadımdadır ki, bizi gölə atmaq istəyirdilər”. Bundan başqa 3 il 2 ay əsirlikdə olan Bəşir Qarayevin söylədikləri daha tükürpədicidir. O, qeyd edir: “Biz “KamAZ” maşınında gedərkən tuneli keçən zaman pusquya düşdük və ermənilər maşını qrantomyotla vurdular. Maşında təxminən 50 nəfərə yaxın Kəlbəcər sakini var idi. “KamAZ”da olan insanların əksəriyyəti güllələndi, mən cəsədlərin arasında gizlənsəm də, “KamAZ” yandırılan zaman məcbur olub ayağa qalxdım və yaralı olaraq əsir götürüldüm”. Ermənilər onun əllərini arxadan məftillə bağlayaraq digər sağ qalmış yaralılarla birlikdə Ağdərə rayonunun “Heyvalı” kəndinə gətirirlər. Uşaqlara tətbiq edilən işgəncələrə dair onun bildirdiyi faktlar ermənilərə xas olan xüsusi amansızlığın bariz göstəricisidir. Onlar oradan Xankəndinə, daha sonra isə Şuşa türməsinə aparılır. Onun Şuşa türməsində erməni vəhşiliyi haqqında söylədikləri daha dəhşətlidir. Qeyd edir ki, ermənilər Şuşa türməsində əsirlərə işgəncələr zamanı xüsusi saxlanmış itlərdən də istifadə edirdilər. İnsanları itlərə yedirtmələri haqqında danışan Bəşir Qarayevin qocalara qarşı ermənilərin işgəncələrindən bəhs etməsi çox ağırdır.
O hadisələri təhlil edərkən belə bir qənaətə gəlmək olur ki, tunelin ermənilər tərəfindən nəzarətə götürülməsi haqqında əvvəldən məlumat alanlar olur. Əks halda, orada daha dəhşətlər yaşana bilərdi. Tunel yaxınlığında mülki nəqliyyat vasitələrinin atəşə tutulması, qaçış yollarının bağlanması və insanların girov götürülməsi bu prinsiplərin açıq pozuntusudur və beynəlxalq hüquq baxımından hərbi cinayət kimi qiymətləndirilə bilər.
Bütün bu tip qətliam və cinayətləri təhlil edərək hazırda o hadisələrə münasibət bildirəndə ancaq bir məsələni qeyd etmək olar ki, Azərbaycan xalqı heç vaxt bu cinayətləri unutmamalıdır. Tariximizi unutsaq, oradan səhvlərimizi ayırd etməsək, dost-düşmənimizi qiymətləndirə bilməsək, gələcəkdə hansısa problemlər yaşaya bilərik. Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək döyüş meydanında bərabər şərtlər altında necə mübarizə aparılmalı olduğunu bütün dünyaya sübut etdi. Azərbaycanın “Dəmir yumruq” əməliyyatı ilə Ermənistana elə zərbə vuruldu ki, onlar “kapitulyasiya aktı” imzalamağa məcbur oldular. Nəticədə doğma Kəlbəcər rayonu da döyüşsüz azad olundu. Bütün bunlar onu göstərir ki, “Dəmir yumruq” həmişə ucalarda olmalı, Azərbaycanda xalq-hakimiyyət birliyi əbədi qorunmalı, şanlı Zəfəri bizə yaşadan şəhidlərimizin ruhu daim hörmətlə anılmalıdır. (AZƏRTAC)