31.03.2026, 18:29
AZ EN
31.03.2026, 17:02 202

Deputat: "Qüdrətli Azərbaycan dövləti “böyük Ermənistan” xülyasını məhv etdi"

YAZILAR
  • XIX əsrin əvvəllərindən başlayaraq ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, sonrakı dövrlərdə isə azərbaycanlılara qarşı sistemli şəkildə həyata keçirilən qırğınlar məqsədyönlü siyasətin tərkib hissəsi idi. 1905-ci və 1918-ci illərdə baş verən hadisələr, xüsusilə 1918-ci ilin mart soyqırımı nəticəsində minlərlə günahsız insan qətlə yetirildi, yüzlərlə yaşayış məntəqəsi məhv edildi. Quba, Şamaxı, Zəngəzur, Qarabağ və digər bölgələrdə törədilən qırğınlar, insanların diri-diri yandırılması, işgəncələrə məruz qalması, mədəni irsimizin məhv olunması erməni millətçilərinin insanlığa sığmayan vəhşiliyinin təzahürləridir.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.

Deputat xatırladıb ki, dinc azərbaycanlı əhaliyə qarşı planlı şəkildə reallaşdırılan qırğınlarda Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda, “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak edib. Qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edərək qanlı cinayətlər törədib, uşaqdan böyüyədək hər kəsi qətlə yetirib.

Tarixin müxtəlif mərhələlərində ermənilərin öz məkrli planlarını davam etdirdiyini söyləyən Mircəlil Qasımlı bildirib ki, 1948–1953-ci illərdə Qərbi Azərbaycandan soydaşlarımızın deportasiyası, sistemli şəkildə həyata keçirilən cinayətlər onların faşist siyasətinin tərkib hissəsi idi. Qərbi Azərbaycanda həyata keçirilən bu siyasət 1988-ci ildən başlayaraq Qarabağda da davam etdirildi. Xalqımıza qarşı 1992-ci il Xocalı soyqırımı və digər qırğınlar törədildi, torpaqlarımız işğal edildi.

Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan xalqı bu faciələrə baxmayaraq, sınmadı, milli ruhunu qoruyaraq mübarizəsini davam etdirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbə və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri nəticəsində xalqımıza qarşı törədilmiş cinayətlərin qisası döyüş meydanında alındı, dövlətimizin suverenliyi tam bərpa olundu. Millətçi ermənilərin “böyük Ermənistan” xülyası məhv edildi.

“Prezident İlham Əliyevin müdrik və qətiyyətli siyasəti nəticəsində güclü və qalib dövlətə çevrilən Azərbaycan bu gün beynəlxalq münasibətlər sistemində sülhü, təhlükəsizliyi və qarşılıqlı hörməti təşviq edən, qlobal əməkdaşlığa mühüm töhfələr verən ölkə kimi çıxış edir. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, “Böyük Qayıdış” proqramının uğurla icrası xalqımızın əzminin və dövlətimizin gücünün bariz göstəricisidir. Bu torpaqlara həyatın qayıtması tarixi ədalətin təntənəsidir. Lakin dövlətimizin başçısının da qeyd etdiyi kimi, biz heç vaxt bu tarixi, acı günləri unutmamalıyıq. Gələcək nəsillər unutmamalıdır, bilməlidir. Bu tarix həm məktəblərdə, həm ali məktəblərdə, ailələrdə öyrədilməlidir”, - deyə Mircəlil Qasımlı vurğulayıb. (AZƏRTAC)

 

Oxşar xəbərlər