Azərbaycan Respublikasının Kosmik Agentliyinin nəzdində fəaliyyət göstərən "Kosmik Akademiya"nın təşkilatçılığı və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin tərəfdaşlığı ilə təşkilatı təmsil edən 20 şəhid övladı Bakıda keçirilən Ümumdünya Telekommunikasiya İnkişafı Konfransının (WTDC-25) gənclərə həsr olunmuş “Beynəlxalq Telekommunikasiya İttifaqı Qlobal Gənclər Sammiti 2025”də (ITU Global Youth Celebration 2025) iştirak ediblər.
"Zəfər" İB-nin məlumatına görə, 60-dan çox ölkədən 500-dən artıq nümayəndəni bir araya gətirən sammit gənclərin rəqəmsal transformasiyada rolunu gücləndirməyi, innovativ düşüncəni təşviq etməyi və gənc liderlərin qlobal İKT gündəliyində iştirakını artırmağı hədəfləyib.
İştirakçılar “Nəsillərarası dialoq” sessiyasında müxtəlif ölkələrdən olan gənclərlə fikir mübadiləsi aparıb, öz baxışlarını və ideyalarını bölüşüblər. Sammit çərçivəsində onlar Milli Aviasiya Akademiyasında, Azərkosmosun KOSMİK Akademiyasında və STEAM İnnovasiya Mərkəzində təşkil olunan interaktiv sessiya, seminar və təlimlərdə də iştirak ediblər.
Gənclər aerokosmik laboratoriyalar, aviasiya simulyatorları və İKT üzrə praktiki təlimlərlə tanış olub, həmçinin “Beynəlxalq Kosmik Stansiya ilə telekommunikasiyanın qurulması” mövzusunda keçirilən seminarda öz orbital antenlərini yığaraq ISS ilə canlı rabitə əlaqəsini sınayıblar.
Tahirə AĞAMİRZƏ