Onun DƏRƏLƏYƏZ şeirini "Vətənsəs"inin oxucuları ilə bölüşürük.
DƏRƏLƏYƏZ
Həsrətdən bilmirəm nə yazım sənə,
Qəlbimi bürüyüb qəm, Dərələyəz.
Sanki Alagözün bulaqlarından
Düşüb gözlərimə nəm, Dərələyəz.
Bizsiz şənlənib də gülürsənmi sən?
Vüsal xəyalına dalırsanmı sən?
Unutdun, yoxsa ki, bilirsənmi sən —
Səni ən çox sevən kim, Dərələyəz?
Tale elə gələr, baxt da dəyişər,
Dövran da dəyişər, taxt da dəyişər,
Zaman da dəyişər, vaxt da dəyişər,
Doğar sevinc dolu dəm, Dərələyəz.
İnşallah, düzələr növrağımız da,
Gülüb oynayarıq öz bağımızda.
Tarixən yadigar ocağımızda
Biz də yandırarıq şam, Dərələyəz.
Tahirə AĞAMİRZƏ