İnstitutdan bildirilib ki, səfərin məqsədi illik iş planına uyğun olaraq “Qarabağ və ətraf ərazilərin relyef resurslarına antropogen təsirlərin yaratdığı təhlükə və risklərin qiymətləndirilməsi, monitorinq xəritələrinin hazırlanması” mövzusunda ərazinin geomorfoloji şəraitinin, kənd və əkin sahələrinin, salınan yolların təsiri ilə relyefdə baş verən dəyişikliklərin və ətraf mühitin vəziyyətinin qiymətləndirilməsini həyata keçirmək olub.
Zəngilan rayonunda, Laçın şəhərində və onun ətraf kəndlərində inşa edilmiş yol şəbəkəsi, yaradılan kənd və şəhərlərin relyefə təsiri, həmçinin təbii fəlakətlərin (sürüşmə, sel, uçqun, ufantı və s.) meydana gəlməsinə səbəb olan amillərin yayılması və formalaşması barədə məlumat toplanılıb.
Ekspedisiya müddətində tədqiqatçılar Laçın şəhəri və onun ətraf kəndlərinin yer səthindən 1947 metr yüksəklikdəki həddə qədər relyefin dəyişməsini, həmçinin Şuşa, Xankəndi şəhərlərində və Ağdamda yeni yaradılmış qəsəbələrin relyefini müşahidə ediblər. (AZƏRTAC)