Bu gün şanlı Vətən müharibəsinin qəhrəman şəhidi Elnur Şahin oğlu Əzizlinin doğum günüdür. O, 25 sentyabr 2000-ci ildə Biləsuvar şəhərində anadan olub. Orta məktəbi bitirib və hərbi xidmətini uğurla başa vurub.
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Elnur Şahin oğlu Əzizli 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzuli, Xocavənd və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Döyüşlərdə şücaətlər göstərən Elnur Əzizli noyabrın 9-da Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz noyabrın 12-də böyük izdiham və ehtiramla dogma Biləsuvarda torpağa tapşırılıb.
Elnur Əzizli Vətən müharibəsində göstərdiyi şücaətlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Elnur balamız!
Mina RƏŞİD