26.09.2025, 04:14
AZ EN
24.09.2025, 09:17 148

Bu gün şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun anım günüdür

XƏBƏRLƏR
  • Bu gün şəhid polkovnik-leytenant Şadmanov Əkrəm Yunus oğlunun anım günüdü. O, 1984-cü il mart ayının 1-də Kəlbəcər rayonunun Zivel kəndində anadan olub. 1990-cı ildə Kəlbəcər rayon Zivel kənd orta məktəbinə daxil olmuş, 1993-cü ildə Kəlbəcər rayonu işğal edildikdən sonra orta təhsilini Göygöl (Xanlar) rayon 6 nömrəli orta məktəbdə, 1994-cü ildə Abşeron rayon Xırdalan qəsəbəsində yerləşən Kəlbəcər rayon 20 nömrəli orta məktəbdə davam etdirmişdir. 1998-ci ildə həmin məktəbin 8-ci sinfini bitirib, C.Naxçıvanski adına hərbi liseyə qəbul olmuş, 2001-ci ildə C.Naxçıvanski adına hərbi liseyi bitirmişdir. 2001-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə daxil olmuş və 2005-ci ildə həmin məktəbi “motoatıcı" ixtisası üzrə fərqlənmə ilə bitirmişdir. 

2005-ci il iyun ayından 2017-ci ilin may ayınadək Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzində taqım, bölük, tabor komandirinin MTT işləri üzrə müavini, qərargah rəisi və tabor komandiri vəzifələrində xidmət etmişdir. 2017-ci ilin yanvar ayından 2019-cu ilin dekabr ayınadək Ağdam rayonu ərazisində yerləşən N saylı hərbi hissədə tabor komandiri, hərbi hissənin döyüş hazırlığı üzrə bölmə rəisi vəzifələrində xidmət etmişdir. 2019-cu ilin dekabr ayından 2022-ci ilin oktyabr ayınadək Silahlı Qüvvələrin Hərbi Akademiyasında dinləyici vəzifəsində xidmət etmişdir. 

2020-ci ilin oktyabr ayından dekabr ayınadək Taxta körpü yaşayış məntəqəsi yaxınlığında olan N saylı hərbi hissədə tabor komandiri vəzifəsində Qubadlı, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Aktiv döyüş əməliyyatları zamanı bir neçə vacib yüksəkliklərin ələ keçirilməsində xüsusi şücaət göstərmişdir. Döyüş əməliyyatlarının sonrakı gedişatı zamanı Şuşa şəhərinin ətrafında olan bir neçə yüksəkliyin müdafiəsi məhz Əkrəm Şadmanovun taboruna həvalə olunmuşdur. 44 günlük Vətən müharibəsinin yekunlarına görə Əkrəm Şadmanov vaxtından əvvəl polkovnik-leytenant hərbi rütbəsi, İgidliyə görə medalı, Qubadlı və Cəbrayıl rayonlarının azad olunmasına görə medalları ilə təltif olunmuşdur.

2021-ci ilin avqust ayında Hərbi Akademiyanı bitirdikdən sonra Sumqayıt şəhəri ərazisində olan N saylı hərbi hissənin komandir müavini vəzifəsinə təyin olunmuşdur. Hərbi hissənin yeni yaradılması ilə əlaqədar olaraq polkovnik-leytenant Əkrəm Şadmanov hərbi hissənin komplekləşdirilməsi, döyüş hazırlığının yüksədilməsi istiqamətində əvəzsiz xidmət göstərmişdir. 

2022-ci ilin sentyabr ayında keçirilən “ Qisas əməliyyatı” zamanı Əkrəm Şadmanov döyüş sənədlərinin hazırlanması, bölmələrin idarə olunması və xüsusi şücaət göstərərək Kəlbəcər rayonu ərazisində olan “Kömürdağ” yüksəkliyinin düşməndən azad edilməsində iştirak etmişdir. 

2023-cü il avqust ayında polkovnik-leytenant Əkrəm Şadmanov xidmət etdiyi hərbi hissənin qərargah rəisi- hərbi hissə komandirinin birinci müavini vəzifəsinə təyin olunmuşdur. 2023-cü ilin sentyabr ayında aparılan “Antiterror” əməliyyatları zamanı Ağdam-Xocalı istiqamətində döyüşlərin planlaşdırılmasında və aparılmasında xüsusi bacarıq nümayiş etdirərək bir neçə yüksəkliyin düşməndən azad edilməsində yaxından iştirak etmişdir. 

Polkovnik-leytenant Əkrəm Şadmanov 24 sentyabr 2023-cü il tarixində Ağdam rayonunun Gülablı kəndi yaxınlığında döyüş mövqelərinə baş çəkməyə gedərkən Kamaz markalı avtomobil ilə düşmənin yol üzərində qurduğu minaya düşərək şəhid olmuşdur. Əkrəm Şadmanov 2-ci Fəxri xiyabanda dəfn olunmuşdur. 

Azərbaycan Respublikasının Prezdentinin müvafiq sərəncamlarına əsasən polkovnik-leytenant Şadmaov Əkrəm Yunus oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.

Xidməti dövründə Əkrəm Şadmanov yuxarıda qeyd olunanlardan başqa “Müharibə iştirakçısı”, “Hərbi xidmətdə fərqlənməyə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla, Silahlı Qüvvələrin “90”, ”95” və “100” illik yubley medalları olmaqla, ümumilikdə 1 orden və 13 medalla təltif olunmuşdur. 

Şəhidimiz ailəli idi, Solmaz adlı qızı və Araz adlı oğlu Vətənə əmanət qalmışdır.

Ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər