26.09.2025, 04:17
AZ EN
23.09.2025, 11:58 220

Bu gün Beynəlxalq Jest Dilləri Günüdür

XƏBƏRLƏR
  • 23 sentyabr - Beynəlxalq Jest Dilləri Günüdür (International Day of Sign Languages). Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 2017-ci ilin dekabrında təsis etdiyi bu tarix lal-kar və eşitmə imkanları məhdud insanların həyatına diqqəti yönəltmək, onların problemlərinin həllinə dəstək olmaq məqsədi daşıyır. Eyni zamanda həssas təbəqənin cəmiyyət üçün əhəmiyyətli insanlar olmasını vurğulamaq üçün keçirilir. 

72/161 nömrəli qətnamənin təşəbbüskarı isə 1951-ci ildə yaradılmış Ümumdünya Lal-Karlar Federasiyası olub. Təşkilatın məlumatına görə, dünyada 70 milyondan yuxarı eşitmə qabiliyyətini itirmiş kar insanlar yaşayır ki, onların əsas ünsiyyət vasitəsi məhz jestlərdir. Təşkilat həmçinin dünyada 300-ə yaxın jest dilinin və beynəlxalq jest dilinin mövcud olduğunu da qeyd edir. Dünya ictimaiyyəti jest dillərini təbii dillər sırasında qəbul edir.

Əlamətdar tarixi təsis edərkən BMT eşitmə imkanları məhdud insanların hüquq və azadlıqlarının həyata keçirilməsində jest dillərinin rolunu vurğulamağı və buna diqqəti cəlb etməyi hədəfə alıb. Bu həm də cəmiyyətin davamlı inkişaf proqramının insanların hüquq və azadlıqlarının, o cümlədən dil və mədəni müxtəlifliklərinin qorunması ilə bağlı prinsiplərinə nail olunmasında mühüm addımlardır.

Tarixin seçilməsi isə Ümumdünya Lal-Karlar Federasiyasının təsis günü ilə bağlıdır. Bu həmçinin 1958-ci ildən sentyabrın sonuncu tam həftəsi qeyd edilən Ümumdünya karlar həftəsi ilə üst-üstə düşür.

Lal-karlar üçün ilk məktəbin əsasını 1760-cı ildə Parisdə rahib de Lepe qoyub. O, mimikalarda danışıq üsulunun banisi, jest dilinin böyük tərəfdarı olub. Lal-karların qapalı və ünsiyyətsiz olduqları barədə deyilənlər həqiqətə uyğun deyil. Halbuki lal-kar olmasına baxmayaraq, dünyada məşhur olan onlarca insanın adını sadalamaq mümkündür.

Məsələn, İntibah dövrünün şairi Pyerde Ronsarı “fransız şairlərinin şahzadəsi” adlandırırdılar, o həm də gözəl qılınc oynadan və rəqqas idi. Məşhur “Pis eşitməklə sarayda heç nəyə nail ola bilməzsən” frazası ona məxsusdur.

Tarixdə başqa məşhurların da adı var. Fransız yazıçısı Viktor Hüqo, bəstəkar Lüdviqvan Bethoven, italyan rəssamı Antonio Stanoli, fransız heykəltəraşı Klod-Andre Desen, fransız filosofu və yazıçısı Jan Jak Russo və başqalarının adlarını çəkmək olar.

Jest dilləri danışıq dilindən fərqlənən və fikirləri tam əhatə edən təbii dil sayılır. Bundan başqa, eşitmə qabiliyyəti zəif olan insanların beynəlxalq tədbirlərdə, səfərlərdə və şəxsi ünsiyyət zamanı istifadə etdikləri ümumi beynəlxalq jest dili var. Həmin dil eşitmə qüsurlu insanlar arasında əsas ünsiyyət vasitəsidir və məhdud leksikona malik olmaqla yerli dillər kimi mürəkkəb deyil.

Ölkəmizdə də bu əlamətdar günlə bağlı hər il müxtəlif tədbirlər həyata keçirilir.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər