2000-ci il tarixdə Qubadlı rayon Mehman Ağayarov adına Kavdadıq kənd tam orta məktəbinə daxil olmuş, 2008-ci ildə 8-ci sinfi bitirərək C.Naxçıvanski adına Hərbi Liseyə daxil olmuşdur. 2011-ci ildə oranı bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil olmuşdur. 2015-ci ildə Akademiyanı bitirdikdən sonra peşəkar kadr kimi hərbi sənətə yiyələnmişdir. Ermənistanla şərti sərhəddə, ön xətt briqadasında xidmət keçmişdir. Xidməti dövründə dəfələrlə komandanlıq tərəfindən Fəxri Fərman və döş nişanları ilə təltif edilmişdir. 2016-cı il aprel döyüşləri zamanı xüsusi şücaət göstərmiş, komandanlıq tərəfindən “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. 2020-ci il 44 günlük Vətən Müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın rayonları uğrunda gedən döyüşlərdə xüsusilə fərqlənmiş, tabeçiliyində olan hərbi qulluqçuları birinin belə burnu qanamadan müharibənin sonunadək sağ-salamat aparıb çıxarmışdır. Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidov tərəfindən, həmçinin korpus komandiri tərəfindən təşəkkürnamə və Fəxri Fərmanlarla təltif edilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə Abbasov Zamin Xaqani oğlu “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təttif edilmişdir.
İgid döyüşçü Zamin Abbasov həmçinin 2021-2022-ci illərdə qısamüddətli əməliyyatlar zamanı tabeçiliyində olan hərbi qulluqçularla birgə xüsusi şücaətlər göstərmişdir.
20 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Qarabağda lokal xarakterli antiterror tədbirlərinin keçirilməsi zamanı Abbasov Zamin Xaqani oğlu Xocavənd rayonunda düşmən snayperindən açılan atəş nəticəsində Şəhid olmuşdur. Zamin evli idi. Məzarı Sumqayıt şəhərində, Şəhidlər Xiyabanındadır.
Allah rəhmət eləsin!
Tahirə AĞAMİRZƏ