27.06.2025, 19:26
AZ EN
10.10.2022, 13:30 689

Bu gün psixi sağlamlıq günüdür

XƏBƏRLƏR
  • 1992-ci ildən etibarən hər il oktyabrın 10-u Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir. Bu əlamətdar gün Ümumdünya Psixi Sağlamlıq Federasiyasının təşəbbüsü və Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə təsis edilib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünyada 1 milyarda yaxın insan müxtəlif psixi xəstəliklərdən əziyyət çəkir. Hər il 3 milyon nəfər alkoqoldan və hər 40 saniyədə bir nəfər intihar nəticəsində həyatını itirir.

APA TV-nin məlumatına görə ölkəmizdə ruhi xəstələrin sayı kəskin formada artıb. Ötən il Azərbayacanda 2 milyon 219 min 145 nəfər xəstə qeydə alınıb. Onlardan 14 min 409 nəfər psixi pozuntular və davranış pozuntuları xəstəliklərindən əziyyət çəkir. 2015-ci ildə isə bu rəqəmin 7 min 764 olduğu bildirlir. Ruhi xəstəliklərin artmasının səbəbini psixoloq Elnur Rüstəmov belə izah edir: “Burada əsas faktorlardan biri kimi informasiyanı diqqətə almalıyıq. Bu gün insanların böyük qismi ifrat informasiya ilə yüklənir. Bu da psixoloji duruma və əhval pozuntusuna səbəb olan faktorlardan biridir. İkinci, ən böyük səbəblərdən biri zərərli vərdişlərdən asılı olan insanların sayında artımın olmasıdır. Psixoaktiv maddələrdən, alkoqol, digər narkotik vasitələrdən istifadə edənlərin sayındakı artımı da bura əlavə edə bilərik. Bunlar da insanların fizioloji, daha çox isə psixoloji durumunda böyük problemlər yaradır”.

Psixoloq onu da bildirib ki, psixi sağlamlığa sıradan bir hadisə kimi baxmamalıyıq. Çünki bir çox fiziki problemlərin kökündə psixoloji problemlər dayanır. Psixi Sağlamlıq Mərkəzinin müalicə konsultativ şöbəsinin müdiri Səbinə Rəşidovanın sözlərinə görə, psixi pozuntular və davranış pozuntuları xəstəliklərindən əziyyət çəkənlərin sayında artım olması həqiqətdir. Ancaq rəqəmlər daha çox müraciətlərin hesabına bu qədər artır: “50-100 il əvvəl müraciət edən şəxslər bu qədər çox deyildi. İnsanların psixoloji sağlamlıq sahəsində maarifləndirilməsi, dünya görüşünün artması, medianın, kinoların, maarifləndirmənin təsiri hesabına insanlar öz psixoloji durumlarına daha çox diqqətlidirlər və daha rahat şəkildə psixoloqa, psixoterapevtə və yaxud psixiatra müraciət edə bilirlər. Əvvəllər daha böyük stiqma var idi: psixiatra gedərəm, elə bilərlər xəstəyəm, məni işə götürməzlər, ailə qura bilmərəm, deyərlər ki, ağır psixi xəstəlikdən əziyyət çəkirəm, səhv qiymətləndirərlər. Hazırda bu stiqma xeyli azalıb”.

Səbinə Rəşidovanın fikrincə, digər səbəblər Covid infeksiyası və 2-ci Qarabağ müharibəsi ilə bağlıdır: “Əvvəllər post-travmatik stress pozuntusu diaqnozunu biz tək-tək hallarda qoyurduq. Müharibədən sonra qazilərimizin əziyyət çəkdiyi əsas diaqnozlardan biri məhz post travmatik stress pozuntusudur. Yəni stressin təsirindən yaranan psixoloji narahatlıq halıdır. Burda qorxu, müharibə səhnələrinin daim gözünün qarşısında təkrarlanması, yuxulara müharibənin girməsi, yuxu pozuntuları və digər əlamətlər ön planda olur. Son vaxtlar bizə müraciət edən şəxslər arasında daha çox qazılərin olması, kişilərin psixoloji problemlərinin daha ön planda olduğunu göstərir, yəni kişilərin müraciəti qadınlara nisbətən daha çoxdur”. S.Rəşidova qeyd edir ki, müraciətlər müxtəlif səbəblərdən olur və onların arasında hər yaş kateqoriyasında insan var. Lakin 20-45 yaş arası şəxslər çoxluq təşkil edir.

Hər il yer üzündə orta hesabla 800 min insan intihar edir. Halbuki intiharın əksər hallarda səbəbi olan psixi pozuntuları müalicə etmək mümkündür. Psixi pozuntular infeksion və qeyri-infeksion xəstəliklərin inkişafının risk amillərinə aid edilir.

Hesablamalara görə, dünyada uşaq və yeniyetmələrin təxminən 20 faizinin psixi pozuntuları və ya problemləri var. Bununla belə, ölkələrin əksəriyyətində uşaq psixiatrlarının sayı çox azdır. Depressiya dünyada əlilliyə səbəbi olan ən başlıca xəstəliklərdəndir.

Bütün bunlardan nəticə çıxarıb demək olar ki, insan ruhi sağlamlığı üçün iradəli olmalıdır. Belə ki, iradəli insan daha mübariz olur və cəmiyyətdə öz layiq olduğu yeri qazanır. Ümumiyyətlə, biz faydalı işlə məşğul olarkən, boş vaxtlarımızı belə mənalı və gözəl keçirərkən əhval-ruhiyyəmiz yaxşı olur ki, bu da psixi sağlamlığımıza müsbət təsir edir. Əksinə aqressiv olduqca, mənfi düşüncələrlə yükləndikcə özümüzə  və ətrafımıza ziyan vurmuş oluruq. Ancaq elə hallar baş verir ki, o bizdən asılı  olmur, yaşadığımız mühitlə, cəmiyyətlə, müharibələr və yoluxucu xəstəliklərlə və.s bağlı olur. Onda insan reallıqla xəyalları arasında qalır. Amma nə olursa olsun insan yaşamağa məhkumdur. Bunu əsla unutmaq olmaz. Odur ki, bacardıqca pozitiv olun, gülümsəyin...  

Mina RƏŞİD

Oxşar xəbərlər