06.08.2025, 13:40
AZ EN
06.08.2025, 09:10 218

İlyas bayrağımız uğrunda şəhid oldu

XƏBƏRLƏR
  • İlyasın əmisi Birinci Qarabağ Müharibəsində şəhid olmuşdu. İlyas o şəhid əmisinin adını daşıyırdı. Pəhləvan kimi oğlan idi. Bayrağımızı o qədər çox sevirdi ki, Aprel döyüşləri zamanı yoldaşlarına demişdi ki, əgər şəhid olsam bu bayrağı anama verin. İlyas Şanlı Vətən Müharibəsində də Bayraq sevgisi uğrunda şəhadətə ucaldı. Füzulidə işğaldan azad edilmiş yüksəkliklərdən birinə bayrağımızı sancarkən qəhrəmacasına şəhadətə ucaldı...

İlyasın anası deyir ki, üç oğul bir qız böyütmüşəm. Ataları xəstə olub, uşaqlar kasıbçılıqla, min bir əziyyətlə böyüyüb boya-başa çatıblar.  İlyas uşaqaların içində bir başqa idi, adamı özünə sevdirirdi. Balaca olanda yuxuda gördüm ki, Ulu Öndərimiz İlyasın başını sığalladı, üzündən öpdü və başına papaq qoydu. Düşündüm ki, oğlum böyüyəndə təhsilli, ağıllı bir övlad olacaq. Doğrudan da İlyas hamının sevimlisi oldu. O elə qoçaq, qorxmaz idi ki, hərbçi olmaq qərarına gəldi. Aprel döyüşlərində mərdliklə vuruşdu. Sonra Vətən müharibəsində şücaətlər göstərdi. Döyüşlərin içindən mənimlə gülə-gülə danışırdı. Deyirdi, qorxma ana, gəlib səni özüm Laçın dağlarına aparacam. Buna görə mən özümü tox tuturdum, deyirdim oğlum nənimlə gülə-gülə danışıb...

İlyas nişanlı idi, şəhadətindən sonra cibindən sevgi məktubları çıxmışdı.  

Bu gün Şanlı Vətən müharibəsinin qəhrəman şəhidi İlyas Etibar oğlu Şahvələdovun doğum günüdü. O, 6 avqust 1996-cı ildə Bərdə rayonunda doğulub. Əslən Laçın rayonunun Qorçu kəndindəndir. İlyas hərbi xidmətini bitirdikdən sonra Azərbaycan ordusunda müddətdən artıq hərbi qulluqçu kimi Vətənə xidmət edib.

Azərbaycan Ordusunun əsgəri olan İlyas Şahvələdov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib.

İlyas Füzuli uğrunda gedən döyüşlərdə şücaətlər göstərib. Elə həmin döyüşlərin birində bayrağımızı zirvəyə sancarkən qəhrəmancasına şəhadətə ucalıb.  

Oktyabrın 10-da şəhidimiz böyük izdiham və ehtiramla doğma kəndlərində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafi sərəncamlarına əsasən İlyas Şahvələdov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər