04.08.2025, 15:46
AZ EN
04.08.2025, 09:25 211

Şəhadətindən dörd ay sonra övladı dünyaya gəldi...

XƏBƏRLƏR
  • İlkin uşaqlıqdan hərbçi olmaq istəyib. Bunu müəllimi və sinif rəhbəri olan Fazil müəllim də hiss etmişdi. İlkinin əmisi də hərbçi idi. O, hərbi xidmətini başa vurub müddətdən artıq Vətənə qulluğa başlamışdı. İlkin  Şanlı Vətən Müharibəsində gizir kimi iştirak etdi. O düşmənlə savaşanda ikinci övladı hələ dünyaya gəlməmişdi. İlkin, oğlan olsa öz adını, qız olsa İlknar adını qoyarsınız, - demişdi...  

Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi, gizir İlkin Xanməmməd oğlu Kazımovun doğum günüdür. O, 4 avqust 1995-ci ildə Astara rayonu, Artupa kəndində anadan olub. Orta məktəbi bitirib hərbi xidmətə yola düşüb. Hərbi xidmətdən sonra hərbçi olmaq istəyi ilə yenidən ordu sıralarına qayıdıb.

27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində iştirak edən İlkin Suqovuşan istiqamətində gedən döyüşlərdə şücaətlər göstərib. Elə bu istiqamətdə, Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən İlkin Kazımov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə"  və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

İlkinin atası Xanməmməd Kazımov bildirir ki, oğlu orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə gedir: “İlkin həqiqi hərbi xidməti başa vurduqdan sonra evə qayıtdı. Mənə dedi ki, hərbçi olmaq istəyir. Mənim qardaşım, yəni İlkinin əmisi də hərbiçidir, müharibə iştirakçısıdır. Mən də razılıq verdim. Səndələrini toplayıb müddətdən artıq hərbi xidmətə yola düşdü. İki il 6 ay xidmətdən sonra gizirliyi oxudu. Gizirlik kursunu da müvəffəqiyyətlə başa vurub hərbi hissəyə qayıtdı. Bir müddətədən sonra isə Goranboy rayonunda hərbi xidmətini davam etdirdi”.
Ata qeyd edir ki, İlkin hərbi hissədə tabeliyində olan əsgərlərə həm qardaş, həm də ata olub: “Bunu mənə onun məzarını ziyarətə gələn əsgərlər dedilər. Bu barədə çox danımaq istəmirəm, mən oğlumu tanıyırdım və əsgərlərlə necə davranmasını da yaxşı bilirəm. 2020-ci ilin sentyabrında müharibə başladı. İlkin ailəsi ilə danışıb, deyib ki, müharibə başlayıb. Sonra mənimlə danışdı, dedi ki, uşaqları sənə tapşırıram. Hətta onu da dedi ki, arzum var idi kiçik qardaşıma toy edim... Düzünü deyim ki, onun bu sözlərindən mən də narahat oldum. Vəziyyətin bu qədər gərgin olduğu ağlıma gəlmədi. Onunla danışanda tank səsləri, atəş sələri gəlirdi... Sentyabrın 27-də İlkinin yoldaşını anasıgilə apardım. Sonra qohum evinə getdim. Orda xəbər tutdum ki, Arif adlı kəndçimiz şəhid olub. Təəssüfləndim, heyf o gəncdən dedim. Bir az keçməmişdi bacımın nəvəsi qaça-qaça gəlib İlkinin vurulduğu xəbərini söylədi. Tez evə gəldim, yoldaşımın ağladığını, insanların bizim həyətə toplaşdığını gördüm”. X.Kazımov qeyd edir ki, bu xəbər çatanda artıq İlkinin nəşini rayona gətirmişdilər: “Dedilər ki, axşam dəfn olunsun, mən icazə vermədim. Dedim ki, sabah səhər dəfn edəcəyik. Rayon rəhbərliyi sağ olsun ki, mənimlə razılaşdı. Və biz İlkini sentyabrın 28-də dəfn etdik”.
Şəhidin anası Həlimə Kazımova bildirir ki, İlkin uşaqlıdan çox sakit olub və zəhmətkeş olub: “Mən nəyə əlimi vurmuşamsa, o, da mənə dəstək olub. Həm çöl, həm də ev işlərində mənim yardımçım idi. Mən 22 ildir məktəbdə işləyirəm. Bir dəfə ondan mənə şikayət olmadı. Müəllimlər deyirdi ki, kasıbçılıqla belə ədəbli uşaq böyütmüsən, sənə halal olsun. Qonum-qonşu kim çağırırdı, gedib hər kəsə dəstək olurdu. Hamı onu çox istəyirdi”.
Şəhidimiz ailəli idi, onun ikinci qızı şəhadətindən 4 ay sonra dünyaya gəlib. Şəhidimizin arzusu ilə körpəyə İlknar adı verilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD
 

Oxşar xəbərlər