Bunu Həsənriz kəndinin sakini Xəyyam Fətəliyev deyib.
O, doğma yurda qayıdışın sevinc hisslərini bölüşüb.
"İşğaldan azad edilən yurdumuza dönürük, şəhidlərimizin qanı ilə yoğrulan torpağımızın yaralarına məlhəm olmağa gedirik", - o qeyd edib
X.Fətəliyev kənddən çıxanda azyaşlı olub. Hərbi xidmət zamanı isə bir neçə dəfə yaralanıb.
"Biz kənddən məcburi köçkün düşəndə mənim 6 yaşım vardı. Köçkün düşəndən sonra Yevlaxda məskunlaşdıq. Oradan 2005-ci ildə həqiqi hərbi xidmətə yola düşdüm. Naxçıvanda hərbi xidmətdə olarkən 2006-cı ildə ayağımdan yaralandım. Sonra müddətdən artıq hərbi xidmət qulluqçusu kimi xidməti davam etdirmişəm. 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə uğrunda savaşda sol böyrümdən yaralandım. Buna baxmayaraq, yenə də xidmətimi davam etdirdim. 2018-ci ildə hərbi xidmətə Ağcabədi istiqamətində davam edərkən minaya düşdüm, bir müddət sonra ayağımdan güllə yarası da aldım. Amma xidməti davam etdirməkdən çəkinmədim. 2020-ci ildə Talış istiqamətində gedən döyüşlərdə isə gözümü itirdim", - o vurğulayıb.
Kənd sakini əlavə edib ki, bu gün şəhid olan silahdaşlarının da ruhu şaddır: "Çünki onların zəhməti hədər getmədi. Uğrunda qan tökdükləri torpaqlarda indi gül-çiçək bitir". (Report)