01.07.2025, 16:47
AZ EN
01.07.2025, 09:16 387

Mən zirvədəyəm...

XƏBƏRLƏR
  • Anası deyir ki, evimiz Hərbi hissəyə yaxın idi. Dərsdən gələn kimi Nemət həmişə ora qaçardı. Bütün günü əsgərlərdən danışardı. Nemət uşaqlıqdan öz arzusuna doğru can atdı və hərbçi oldu. Hərbi xidmətini başa vurduqdan sonra Nemət yenidən ordu sıralarına qayıdır, valideynlərinin xeyir-duasını alır və üç aylıq kurslara qatılır. 2020-ci ilin aprel ayından çavuş kimi Vətənə xidmətini davam etdirir. Vətən müharibəsi başlayan gündən Murovdağ istiqamətində döyüşlərə qatılır. Həmişə deyərdi ki, şəhid olmuş dayısı oğlunun qisasını alacaq...

Nemət müharibənin 18-ci günündə 450 nəfərlik dəstənin tərkibində Füzuli istiqamətinə yollanır. O, bu qanlı döyüşlərdə 3 gün sinəsini sipər edir, onun şücaəti bu gün də komandirlərinin yadından çıxmır. Deyirlər ki, Nemət gözünü belə qırpmadan bütün varlığı ilə düşməni qıra-qıra  irəliliəyirdi...

Ata-anası bu gün igid oğulları haqqında elə ürəkdolusu, fərəhlə danışırlar ki, sanki Nemət onlara baxıb gülümsəyir. Anası deyir ki, şəhid olduqdan sonra telefonunda yazdıqlarını oxuduq. Nemət yazmışdı ki, hələ uşaqlıqdan məndən soruşsaydılar nə işin sahibi olacam, deyərdim ki, HƏRBÇİ. Ondan sonra isə ŞƏHİD...

Nemət həmişə bacılarının üzünün gülməyini istəyirdi. İndi onlar qardaşları ilə elə qürur duyurlar ki, onu sözlə ifadə etmək olmur...

Nemət tez-tez doğmalarının yuxusuna gəlir və hamıya deyir ki, mən zirvədəyəm, məni ucaltdılar...

Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Nemət Fəxrəddin oğlu Məmmədovun doğum günüdür. O, 1 iyul 2000-ci ildə Goranboy rayonunun Xoylu kəndində anadan olub. Orta məktəbi bitirib və hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurduqdan sonra yenidən ordu sıralarına qayıdıb və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi Vətənə xidmətə başlayıb.  

Çavuş Nemət Məmmədov 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsi zamanı Murovdağ və Fizuli istiqamətində gedən döyüşlərdə mərdliklə vuruşub.

2020-ci il oktyabrın 17-də Nemət Məmmədov Füzuli döyüşlərində  qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz oktyabrın 18-də Goranboy rayonunun doğma Xoylu kəndində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Nemət Fəxrəddin oğlu Məmmədov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə", "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər